CƏMİYYƏT
Ölkəmizdə əlillərin əmək bazarına çıxış imkanları artırılır
Bakı, 15 iyul, AZƏRTAC
Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində (ƏƏSMN) kənd təsərrüfatı sahələri üzrə layihələr icra edən “Aqro-Biznes” MMC-nin (İsrail) nümayəndələri ilə görüş keçirilib.
Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, görüşdə “Aqro-Biznes” MMC-nin ölkəmizdə həyata keçirdiyi aqrar layihələrin icrası işlərində əlillərin məşğulluğunun təminatı ilə bağlı əməkdaşlıq imkanları nəzərdən keçirilib.
ƏƏSMN-in Aparat rəhbəri Əjdər Cəbiyev respublikamızda əlillərlə bağlı mühüm sosial proqramların icra edildiyini, bu təbəqədən olan insanların sosial reabilitasiyasına şərait yaradılması üçün məqsədyönlü işlərin görüldüyünü bildirib. Ə.Cəbiyev əlillərin cəmiyyətə inteqrasiyasında əsas amillərdən birinin onların potensial imkanlarına uyğun şəkildə məşğulluğunun təminatı olduğunu qeyd edib. O, nazirlik tərəfindən inklüziv əmək bazarının inkişafı, əlillərin əmək bazarına çıxış imkanlarının artırılması, onlar üçün həyata keçirilən aktiv məşğulluq proqramları barədə məlumat verib. Aparat rəhbəri “Aqro-Biznes” MMC tərəfindən ölkəmizdə icra olunan aqrar layihələrin icrasında əlilliyi olan şəxslərin də işlə təminatı ilə bağlı şirkət tərəfindən irəli sürülən təşəbbüsün təqdirəlayiq olduğunu, əlil şəxslərin məşğulluğunun təminatına yönələn hər bir işdə nazirlik tərəfindən müvafiq dəstəyin verilə biləcəyini bildirib.
“Aqro-Biznes” MMC-nin nümayəndəsi Emad Rızkalla təmsil etdiyi qurumun kənd təsərrüfatı üzrə layihələrindən birinin də müasir istixana komplekslərinin quraşdırılması olduğunu qeyd edib. O bildirib ki, bu işlərdə avtomatlaşdırılmış mexanizmlərdən istifadə edilməsi həmin işlərin əlillər tərəfindən yerinə yetirilməsinə imkan verir. İlkin mərhələdə isə əlilliyi olan şəxslərə müvafiq təlimlərin keçilməsi nəzərdə tutulur.
Görüşdə iştirak edən Əlil Sahibkarlar Təşkilatı İctimai Birliyinin sədri Mirzə Məmmədvəliyev də öz fikir və təkliflərini diqqətə çatdırıb.