CƏMİYYƏT
Ölkəmizdə meşə və qoruq əraziləri genişləndirilir
Bakı, 9 iyun, Sevda Cəfərova, AZƏRTAC
Azərbaycan meşələrın azaldılması tendensiyasını dayandıran və bu sahədə müəyyən artıma nail olan nadir ölkələrdəndir.
AZƏRTAC xəbər verir ki, bu sözlər Ekologiya və Təbii Sərvətlər nazirinin müavini Firdovsi Əliyevə məxsusdur.
Nazir müavini deyib: “Son 15 ildə meşələrin həcmi 2,5 dəfə artaraq, ildə 4700 hektardan 10 min 500 hektara çatdırılıb, on minlərlə ağac əkilib. Ölkəmizdə meşə ilə örtülü ərazilər 11,4 faizdən 12,2 faizə çatdırılıb”.
O, ətraf mühitin yaxşılaşdırılması sahəsində görülən işlərdən danışarkən bildirib ki, hazırda ölkədə ümumi sahəsi 893 min hektara çatan xüsusi mühafizə olunan təbiət ərazilər, o cümlədən 9 milli park, 11dövlət təbiət qoruğu və 24 dövlət təbiət yasaqlığı var.
Həmin işlərin davamı olaraq Zaqatala-Balakən regionunda ölkə tarixində ilk biosfer qoruğu və “Qızılağac” dövlət təbiət qoruğunun da əraziləri genişləndirərək Dənizkənarı Milli Parkın yaradılması üçün zəruri tədbirlər görülür.