REGİONLAR
Ölkəmizdə qadınların hüquqlarının müdafiəsi təmin olunub
Naxçıvan, 6 mart, AZƏRTAC
Ümummilli lider Heydər Əliyev istər sovet, istərsə də müstəqillik dövründə ölkədə hakimiyyətə gəldikdən sonra cəmiyyət həyatının digər sahələrində olduğu kimi, gender siyasətində də böyük dəyişikliklər, irəliləyişlər, tərəqqi əldə edilib. Qadınlarımızın ictimai-siyasi həyata qayıdışı, yəni onların dövlət idarəçiliyində təmsil olunması, bütün sahələrdə kişilərlə bərabər hüquqa malik olması dövlət idarəetmə kursunun prioritet istiqamətinə çevrilib.
Naxçıvan Dövlət Universitetinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, bu fikirləri Heydər Əliyev Universitetinin “Ulu öndər Heydər Əliyev və Azərbaycan qadını” mövzusunda keçirilən növbəti məşğələsində ali təhsil ocağının rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov səsləndirilib.
S.Məhərrəmov bildirib ki, Ümummilli Lider 1993-cü ildə hakimiyyətə gəldikdən sonra müstəqil Azərbaycan Respublikasını beynəlxalq miqyasda təmsil etməyi bacaran, milli və ictimai mənafeyi öz şəxsi mənafeyindən üstün tutan qadınların idarəetmədə iştirakını təmin edib.
Məşğələdə “Ulu öndər Heydər Əliyev və Azərbaycan qadını” mövzusunda məruzə ilə çıxış edən Kitabxanaçılıq kafedrasının müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent Nəzakət İsmayılova qeyd edib ki, Ulu Öndərin əsasını qoyduğu liberal gender siyasəti nəticəsində qadınların ictimai-siyasi həyatda fəallığı təmin olunub.
Vurğulanıb ki, türk dünyasının böyük oğlu Heydər Əliyevin gender siyasətinin əsas nəticələrindən biri də 1998-ci ildə Azərbaycanda keçirilən Qadınların I Qurultayı idi. Azərbaycan qadınları bu qurultayla müstəqil dövlətimizdə demokratik cəmiyyətin, qadın hərəkatının əsasını qoyublar.
Məruzəçi qeyd edib ki, dahi şəxsiyyət Heydər Əliyevin imzaladığı fərman və sərəncamlarla, eləcə də digər rəsmi sənədlərlə ölkəmizdə qadınların hüquqlarının müdafiəsi təmin olunub.