CƏMİYYƏT


Ölkəmizdə qrip və kəskin respirator xəstəliklərə qarşı profilaktik tədbirlər gücləndirilir

A+ A

Bakı, 12 oktyabr, AZƏRTAC

Səhiyyə naziri Oqtay Şirəliyev qrip və kəskin respirator xəstəliklərə qarşı profilaktik tədbirlərin gücləndirilməsi məqsədilə əmr imzalayıb.

Bu barədə AZƏRTAC-a Səhiyyə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Sənəd 2016-2017-ci ilin payız-qış mövsümünün başlanması ilə əlaqədar əhali arasında qrip və kəskin respirator virus infeksiyalarına qarşı profilaktik və əks-epidemik tədbirlərin, həmçinin infeksiya üzərində epidemioloji monitorinqin gücləndirilməsi məqsədilə imzalanıb. Əmrdə Səhiyyə Nazirliyinin tibb idarə və müəssisələrinin rəhbərlərinə məktəb və məktəbəqədər uşaq müəssisələrində, ali və orta təhsil müəssisələrində tibbi müşahidələrin təşkili, qripə şübhəli xəstələrin, xüsusən uşaqların və yaşlı əhalinin hospitalizasiyası üçün xüsusi palataların ayrılmasının təminatı tapşırılır. Daha sonra lazım gəldikdə tibb müəssisələrində məhdudlaşdırıcı rejimin tətbiqi, tibb personalının fərdi qoruyucu vasitələrdən (maskalardan) istifadəsinin təmin olunması, dezinfeksiya işlərinin aparılmasına xüsusi diqqətin yetirilməsi, ağır kəskin respirator xəstəlik halları barədə məlumatın dərhal yerli gigiyena və epidemiologiya mərkəzlərinə verilməsi və şübhəli xəstələrdən götürülmüş nümunələrin Respublika Taun Əleyhinə Stansiyasına çatdırılması, qrip və kəskin respirator virus xəstəliklərinin müalicəsi üçün dərman preparatlarının ehtiyatının yaradılması da əmrdə öz əksini tapıb.

Həmçinin respublikanın şəhər və rayonlarının gigiyena və epidemiologiya mərkəzlərinin direktorlarına tədris və tibb müəssisələrində sanitariya-gigiyena norma və qaydalarına, dezinfeksiya rejiminə ciddi riayət edilməsinə nəzarətin gücləndirilməsi, məktəbəqədər uşaq müəssisələrində, məktəblərdə tibbi müşahidə və qrip xəstəliyinə şübhəli uşaqlar aşkar olunduqda dərhal sağlam uşaqlardan təcrid edilməsi tapşırılır.

Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun rəhbərliyinə ağır formalı qrip xəstələrinin hospitallaşdırılması üçün mənfi təzyiqli boksların tam hazır vəziyyətə gətirilməsi, dərman vasitələri, tibbi ləvazimat və inventarla təchiz edilməsi təminatına dair göstərişlər verilib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.