REGİONLAR


“Ölkəmizi tanıyaq”: Göygöl məktəbliləri şimal bölgəsinə səfərə yollanıblar

A+ A

Göygöl, 17 noyabr, Rauf Hacıyev, AZƏRTAC

Göygöl rayon ümumtəhsil məktəblərinin şagirdlərindən ibarət qrup noyabrın 17-də “Ölkəmizi tanıyaq” layihəsi çərçivəsində maarifləndirici tur-aksiyaya qoşulublar.

AZƏRTAC xəbər verir ki, Göygöl rayon Heydər Əliyev Mərkəzinin qarşısında şəhər rəhbərliyinin, təhsil işçilərinin və valideynlərin iştirakı ilə tur-aksiya iştirakçılarının, eləcə də onları müşayiət edən qrup rəhbərləri və müəllimlərin Qəbələ-Şəki-Zaqatala istiqaməti üzrə yolasalma mərasimi keçirilib.

Məktəblilər əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib, dahi rəhbərin xatirəsinə ehtiramlarını bildiriblər.

Mərasimdə qeyd edilib ki, iştirakçılar tur-aksiya çərçivəsində Qəbələ rayonunda Heydər Əliyev adına Konqres Mərkəzi, ”Qəbələnd” İstirahət Mərkəzi, “Tufandağ” Qış-Yay Turizm Kompleksi, “Beltmann” pianino və Qəbələ konserv zavodları ilə tanış olacaq, Çuxur Qəbələ Tarix və Mədəniyyət Qoruğuna, Nohur gölünə, Vəndam şəlaləsinə, udinlərin yaşadığı Nic kəndinə ekskursiya edəcəklər. Tur çərçivəsində qonaqlar Şəki Dövlət Tarix-Memarlıq Qoruğu, Şəki Xan Sarayı, Yuxarı Karvansaray, Aşağı Karvansaray, Cümə məscidi və Kiş kəndində yerləşən qədim alban məbədi ilə tanış olacaq, sənətkarlar məhəlləsinə baş çəkəcəklər. Zaqatala rayonunda isə Zaqatala Tarix-Mədəniyyət Qoruğu, Dədə Qorqud Meydanı ilə tanış olacaq, fındıq emalı müəssisəsinə baxış keçirəcəklər.

Yolasalma mərasimində çıxış edən Göygöl Rayon İcra Hakimiyyətinin müavini Kəmalə İbrahimova bildirib ki, Prezident İlham Əliyevin tapşırığına əsasən həyata keçirilən “Ölkəmizi tanıyaq” maarifləndirici tur-aksiyası Azərbaycanın qədim tarixinin, zəngin mədəniyyətinin, adət-ənənələrinin, eləcə də müstəqillik illərində qazandığı iqtisadi-sosial, mədəni uğurlarının yaxından öyrənilməsində mühüm əhəmiyyət daşıyır. Həmçinin tur-aksiya şagirdlərin tədrisdə qazandıqları nəzəri bilikləri möhkəmləndirəcək, onların ölkələrinə bağlılıqlarını daha da artıracaq.

Təhsil işçiləri və valideynlər şagirdlərə səfərlə bağlı tövsiyələrini verib, onlara mənalı istirahət və zəngin təəssüratlar arzulayıblar.

Mərasim başa çatdıqdan sonra məktəblilər və qrup rəhbərləri onlar üçün ayrılmış avtobusla şimal bölgəsinə yola düşüblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.