REGİONLAR


“Ölkəmizi tanıyaq”: On bir şəhər və rayonun məktəbliləri Qəbələyə gəliblər

A+ A

Qəbələ, 17 noyabr, Şahnəzər Bəşirov, AZƏRTAC

Noyabrın 17-də respublikamızın şəhər və rayonlarının IX-XI sinif şagirdləri üçün “Ölkəmizi tanıyaq” devizi ilə növbəti maarifləndirici tur-aksiyalara start verilib.

AZƏRTAC xəbər verir ki, Qəbələ-Şəki-Zaqatala-Qəbələ marşrutu üzrə keçirilən tur-aksiyada iştirak etmək üçün müasir avtobuslarla Şirvan şəhəri, Xızı, Tovuz, Siyəzən, Şabran, İmişli, Göygöl, Füzuli, Xaçmaz, Qusar və Quba rayonlarından yola çıxan məktəblilər noyabrın 17-də, günün ikinci yarısında Qəbələ rayonuna gəliblər.

Şagirdləri Qəbələ şəhərindəki Heydər Əliyev Mərkəzinin qarşısında rayon icra hakimiyyətinin və təhsil şöbəsinin nümayəndələri mehribanlıqla qarşılayıb, onlara Qəbələnin tarixi, coğrafi mövqeyi, mədəniyyəti və turizm potensialı barədə məlumat veriblər.

Sonra 440 şagirdin və onlara rəhbərlik edən müəllimlərin iştirakı ilə Qəbələ şəhərində “Hərəmiz bir ağac əkək” devizi altında ağacəkmə aksiyası keçirilib. IDEA İctimai Birliyinin təşəbbüsü ilə keçirilən yaşıllaşdırma aksiyası zamanı məktəblilər 500-dən çox küknar, ağcaqayın və palıd ağacı əkiblər.

Qəbələdəki “Qafqaz Karvansaray” və “Qafqaz Yeddi Gözəl” otellərində yerləşən şagirdlərə məlumat verilib ki, onlar tur-aksiyanın proqramına uyğun olaraq, noyabrın 17-20-də Qəbələ, Şəki və Zaqatala rayonlarının sosial-iqtisadi inkişafı istiqamətində görülən işlər, son illərdə inşa edilən sosial obyektlər, əyləncə və istirahət mərkəzləri, tarixi-mədəni abidələri, turizm obyektləri, muzeyləri ilə tanış olacaqlar.

Otellərdə nahar etdikdən sonra şagirdlərin iştirakı ilə musiqili-əyləncəli tədbirlər, intellektual oyunlar, müxtəlif viktorinalar keçirilib.

Qəbələyə səfər edən şagirdlər sonra Nohur gölünə gəliblər. Sıx meşəlik və dağlıq ərazidə yerləşən gölün ətrafında gəzintiyə çıxan məktəblilər xatirə şəkilləri çəkdiriblər. Məlumat verilib ki, Nohur gölü dəniz səviyyəsindən 700 metr hündürlükdə yerləşir. Uzunluğu 1925 metr, eni 1355 metr, sahəsi 240 hektar olan gölün dərinliyi 24 metr, suyunun həcmi isə 16 milyon kubmetrdir. Nohur gölünə Dəmiraparan və Vəndam çaylarının suyu axır.

Məktəblilərin ekskursiyası noyabrın 18-də davam edəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.