REGİONLAR


“Ölkəmizi tanıyaq”: Qazax, Ağstafa və Şəmkir məktəbliləri Lənkəran şəhərinə yollanıblar VİDEO

Ağstafa, 12 noyabr, Famil Quliyev, AZƏRTAC 

Noyabrın 12-də “Ölkəmizi tanıyaq” devizi ilə keçirilən maarifləndirici tur-aksiya çərçivəsində Qazax, Ağstafa və Şəmkir rayonlarının hər birindən 40 nəfər IX-XI sinif şagirdi 5 bələdçi-müəllimin müşayiəti ilə Lənkəran şəhərinə yola düşüblər.

Tur-aksiya iştirakçıları əvvəlcə rayonlarındakı Heydər Əliyev mərkəzlərini ziyarət edib, Ümummilli Liderin abidəsi önünə gül-çiçək dəstələri düzüblər.

AZƏRTAC xəbər verir ki, məktəblilər dörd gün ərzində Lənkəran, Masallı və Astara rayonlarda tarixi abidələrlə, digər görməli yerlərlə yaxından tanış olacaqlar. Tur-aksiya məktəblilərin səfər etdikləri bölgələrin müasir inkişaf səviyyəsi ilə də tanış olmasına şərait yaradacaq.

Tur-aksiya iştirakçısı, Ağstafa rayonu Kolxəlifəli kənd tam orta məktəbinin X sinif şagirdi Katya Vəliyeva deyib: “Ölkəmizin regionlarını gəzmək, tarixi yerləri ilə tanış olmaq çoxdankı arzum idi. Əminəm ki, bu tur-aksiya mənim və yaşıdlarımın dünyagörüşünün artmasına müsbət təsir göstərəcək. Belə layihələr gənclərin ölkəmiz haqqında təsəvvürünün, biliklərinin artmasında mühüm rol oynayır”.

Qazax rayonunun Daş Salahlı kənd tam orta məktəbinin şagirdi Ayşən Qurbanova da layihədə iştirak etdiyi üçün sevindiyini bildirib: “Lənkəran, Masallı və Astara rayonlarının tarixi, bu yerlərin əsrarəngiz gözəllikləri haqqında çox oxuyub, eşitmişəm. Tur-aksiya zamanı bütün bunları əyani şəkildə görə biləcəm. Məktəblilər üçün belə bir imkanı yaratdığına görə tur-aksiyada iştirak edən şagirdlər adından dövlətimizin başçısına minnətdarlığımı bildirirəm”.

Maarifləndirici tur-aksiyanın Qazax, Ağstafa və Şəmkir qruplarının rəhbərləri Məhəmməd Cəfərov, Gülbəniz Mehdiyeva və Davud Süleymanov qeyd ediblər ki, dörd günlük səfər çərçivəsində məktəblilər Lənkəran-Astara-Masallı istiqaməti üzrə səfər edəcəklər. Tur-aksiya iştirakçıları Lənkəran rayonunda “Qoşa qala” qapıları, Həzi Aslanovun ev-muzeyi, dairəvi qala, mayak binası, Hirkan Milli Parkı, Xanbulan gölü, çay plantasiyaları, sitrus meyvə bağları, Astara rayonunda şəhər bulvarı, “Yanar bulaq” və “Astaraçay” çay fabriki, Masallı rayonunda Tarix-Diyarşünaslıq Muzeyi, Uşaq İncəsənət Məktəbi, Dövlət Rəmzləri Muzeyi, “ASAN həyat” kompleksi, Viləşçay su anbarı ilə tanış olacaqlar.

Yolasalma mərasimləri başa çatdıqdan sonra məktəblilər Lənkərana yola düşüblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.