REGİONLAR
“Ölkəmizi tanıyaq”: Şəmkirli məktəblilər Qəbələyə yola düşüblər
Şəmkir, 16 mart, Famil Quliyev, AZƏRTAC
Şəmkir rayonunun ümumtəhsil məktəblərinin IX-XI sinif şagirdlərindən ibarət 40 nəfərlik qrup martın 16-da “Ölkəmizi tanıyaq” adı altında keçirilən maarifləndirici tur-aksiya çərçivəsində Qəbələyə yola salınıb.
AZƏRTAC xəbər verir ki, Prezident İlham Əliyevin tövsiyəsi ilə reallaşan bu layihə məktəblilər, valideynlər və rayon ictimaiyyəti tərəfindən böyük minnətdarlıqla qarşılanıb.
Əvvəlcə tur-aksiya iştirakçıları şəhərin mərkəzində ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət ediblər.
Yolasalma mərasimində rayon icra hakimiyyətinin başçısı Alimpaşa Məmmədov, rayon təhsil şöbəsinin müdiri Məcid Şıxlinski, valideynlər və məktəblilər çıxış edərək, layihənin dövlətimizin başçısının gənc nəslə diqqət və qayğısının bariz nümunəsi olduğunu söyləyiblər. Vurğulanıb ki, tur-aksiyanın yeniyetmələrin vətənpərvərlik tərbiyəsində, onların istirahətinin səmərəli və mənalı təşkilində xüsusi əhəmiyyəti var.
Qrupun rəhbəri Davud Süleymanov AZƏRTAC-ın müxbiri ilə söhbətində deyib: “Dördgünlük səfər Qəbələ, Şəki, Zaqatala bölgələrini əhatə edəcək. Məktəblilər bu rayonların tarixi, maddi-mədəniyyət abidələri, müstəqillik illərində əldə edilən nailiyyətlər barədə hərtərəfli bilgilər alacaq, şən və mənalı istirahət edəcəklər”.
Səfərdən böyük təəssüratla qayıdacağına əminliyini bildirən Səməd Vurğun adına tam orta məktəbin X sinif şagirdi İbrahim Həsənzadə AZƏRTAC-ın müxbirinə deyib: “Doğrusu, bu rayonlara səfər etmək, o yerlərlə tanış olmaq çoxdankı arzum idi. Prezidentimizə minnətdaram ki, bu arzum həqiqətə çevrilir. Dövlətimizin başçısının tövsiyəsi ilə reallaşan layihə çərçivəsində təşkil edilən tur-aksiyada Qəbələ, Şəki və Zaqatala barədə hərtərəfli bilgilər qazanacağam”.
Sonra məktəblilər Heydər Əliyev Mərkəzinin qarşısından Qəbələyə yola salınıb.