REGİONLAR


“Ölkəmizi tanıyaq” layihəsi məktəblilərin vətənpərvər ruhda yetişməsində mühüm rol oynayacaq

A+ A

Daşkəsən, 12 noyabr, Rauf Hacıyev, AZƏRTAC

Noyabrın 12-də Daşkəsən rayonunun məktəbliləri - IX-XI sinif şagirdləri və onları müşayiət edən qrup rəhbərləri “Ölkəmizi tanıyaq” devizi ilə keçirilən maarifləndirici tur-aksiya çərçivəsində Lənkəran-Astara-Masallı marşrutu üzrə yola düşüblər.

AZƏRTAC xəbər verir ki, Heydər Əliyev meydanında təşkil olunan təntənəli yolasalma mərasimində rayon rəhbərliyi, təhsil işçiləri, valideynlər, həmçinin ictimaiyyət nümayəndələri iştirak ediblər.

Bildirilib ki, qrupa daxil olan şagirdlərə 4 gün ərzində gedəcəkləri rayonlardakı tarixi yerlər, Heydər Əliyev mərkəzləri və tarix-diyarşünaslıq muzeyləri barədə hərtərəfli məlumat veriləcək. Bu da şagirdlərə vətənimizin dilbər guşələri haqqında daha geniş məlumat toplamağa imkan yaradacaq.

Tədbirdə çıxış edənlər yaradılan bu şəraitə görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildirərək qeyd ediblər ki, dövlətimizin başçısının tapşırığı ilə həyata keçirilən tur-aksiya çərçivəsində şagirdlər ölkəmizin tarixini, mədəniyyətini, adət-ənənələrini, uğurlarını dərindən öyrənmək imkanı qazanacaqlar. Qədim tarixi abidələr, rayonların keçmiş və müasir simasını əks etdirən tarix-diyarşünaslıq muzeyləri, gənclər mərkəzləri, Bayraq meydanları, rəsm qalereyaları və digər mədəni mərkəzlərlə tanışlıq məktəblilərin dünyagörüşündə silinməz izlər buraxacaq.

Ulu öndər Heydər Əliyevin rayon mərkəzində ucaldılmış abidəsi önünə gül-çiçək dəstələri düzən tur-aksiya iştirakçıları Lənkəran-Astara-Masallı marşrutu üzrə yola düşüblər.

Həmin gün Gəncə, Gədəbəy, Samux, Kəlbəcər və Xocalı məktəbliləri də eyni marşrut üzrə ekskursiyaya yollanıblar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.