REGİONLAR
“Ölkəmizi tanıyaq” maarifləndirici tur-aksiyasına məcburi köçkün həyatı yaşayan məktəblilər də qoşulublar VİDEO
Sumqayıt, 16 mart, Ətrabə Rzayeva, AZƏRTAC
Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına əsasən ölkəmizin tarixinin, mədəniyyətinin, adət-ənənələrinin, müstəqillik illərində əldə edilmiş nailiyyətlərin dərindən öyrənilməsi məqsədilə “Ölkəmizi tanıyaq” adı ilə keçirilən maarifləndirici tur-aksiyaya Qubadlı, Şuşa, Cəbrayıl, Zəngilan və Füzuli rayonlarının məktəbliləri də qoşulub. Martın 16-da bu rayonların ümumtəhsil məktəblərinin IX-XI sinif şagirdləri Azərbaycanın şimal bölgələrinə yola düşüblər.
AZƏRTAC xəbər verir ki, bu münasibətlə Sumqayıtda təşkil olunan mərasimdə Qubadlı, Şuşa, Cəbrayıl, Zəngilan və Füzuli rayonlarının rəhbərliyi, təhsil işçiləri və valideynlər iştirak ediblər.
Tur-aksiya iştirakçıları Fatimə Rəhimova, Selcan Qasımzadə, Ramin Atayev, Rövşən Alxanov və Nərmin Quliyeva AZƏRTAC-a müsahibələrində bildiriblər ki, Quba, Qusar və Xaçmazın tarixi məkanlarına, muzeylərinə ekskursiyanı səbirsizliklə gözləyirlər. Vurğulanıb ki, bu səyahət onların ölkəmizin şimal bölgəsi haqqında biliklərini zənginləşdirəcək, yeni dostlar qazandıracaq.
Mərasimin sonunda məktəblilər xüsusi avtobusa əyləşərək, şimal bölgəsinə yollanıblar.