REGİONLAR


“Ölkəmizi tanıyaq” maarifləndirici tur-aksiyasında beyləqanlı məktəblilər də iştirak edir

A+ A

Beyləqan, 12 noyabr, Tahir Ağaməmmədov, AZƏRTAC

“Ölkəmizi tanıyaq” maarifləndirici tur-aksiyasına qoşulan məktəblilər arasında beyləqanlı şagirdlər də var. Onlar noyabrın 12-də Quba-Qusar-Xaçmaz istiqaməti üzrə yola çıxıblar.

AZƏRTAC xəbər verir ki, Beyləqan şəhərində keçirilən yolasalma mərasimində rayon rəhbərliyi, təhsil işçiləri və valideynlər iştirak ediblər.

Çıxış edənlər aksiyanın əhəmiyyətini yüksək qiymətləndirərək, məktəblilərə səfərlərinin xoş və mənalı keçməsi üçün tövsiyələrini veriblər. Qeyd edilib ki, tur-aksiyada iştirak edən 40 şagird, həmçinin müşayiətçi müəllimlər və 1 həkimdən ibarət heyət dörd gün ərzində Quba, Qusar və Xaçmaz rayonlarının tarix və mədəniyyət abidələri, gözəl təbiət mənzərələri ilə yaxından tanış olacaqlar.

Şəhər 2 nömrəli tam orta məktəbin şagirdi Bədir İbrahimli tur-aksiyada iştirak etdiyinə görə çox sevindiyini bildirib: “Səfərimiz zamanı şimal bölgəsini yaxından tanıyacağıq. Şagirdlərlə birgə ekskursiya etmək daha maraqlıdır. İnanıram ki, Beyləqana zəngin təəssüratlarla dönəcəyik”.

Dünyamalılar kənd 2 nömrəli tam orta məktəbinin şagirdi Səbinə Dağıstanlı isə fikirlərini belə ifadə edib: “Əvvəlki illərdə məktəblilərin “Ölkəmizi tanıyaq” tur-aksiyası çərçivəsində müxtəlif bölgələrə ekskursiyalarını böyük maraqla izləyir və aksiyanın iştirakçısı olmağı çox arzulayırdım. Artıq mən də ekskursiyada iştirak edirəm. Bunun üçün çox sevinirəm. İnanıram ki, bu səfərdən çox şey öyrənəcəm”.

Sonda tur-aksiyada iştirak edən şagird və müşayiətçilər onlar üçün ayrılmış avtobusla Quba-Qusar-Xaçmaz istiqaməti üzrə yola düşüblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.