REGİONLAR


“Ölkəmizi tanıyaq” tur-aksiyası çərçivəsində məktəblilərin bölgələrə səyahəti başlayıb

A+ A

Beyləqan, 12 noyabr, Tahir Ağaməmmədov, AZƏRTAC

Prezident İlham Əliyevin tapşırığına əsasən ümumtəhsil məktəblərinin yuxarı sinif şagirdləri üçün “Ölkəmizi tanıyaq” devizi altında keçirilən tur-aksiyaların növbəti mərhələsinə start verilib.

AZƏRTAC xəbər verir ki, “Ölkəmizi tanıyaq” layihəsinə xocavəndli məcburi köçkünlər də qoşulublar.

Noyabrın 12-də Beyləqan rayonu ərazisində salınmış “Xocavənd” qəsəbəsində Xocavənd rayon rəhbərliyinin, təhsil işçilərinin və valideynlərin iştirakı ilə məktəblilərdən ibarət qrupun Quba-Qusar-Xaçmaz istiqaməti üzrə yola salınması mərasimi keçirilib.

Şagirdlər əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül-çiçək dəstələri düzərək, dahi rəhbərin xatirəsinə ehtiramlarını bildiriblər.

Xocavənd Rayon İcra Hakimiyyəti başçısının müavini Əfsanə Quliyeva "Ölkəmizi tanıyaq" layihəsinin əhəmiyyətindən danışıb. Bildirib ki, tur-aksiya ölkəmizin tarixinin, mədəniyyətinin, adət-ənənələrinin, müstəqillik illərində əldə edilmiş nailiyyətlərin dərindən öyrənilməsində, tədrisdə qazanılan nəzəri biliklərin möhkəmləndirilməsində mühüm amillərdən biri olacaq və səfərin xoş təəssüratları şagirdlərin mənəvi zənginliyini daha da artıracaqdır.

Təhsil işçiləri və valideynlər məktəblilərə səfərlə bağlı tövsiyələrini verib, onlara mənalı istirahət, zəngin təəssüratlar arzulayıblar.

Salakətin kənd tam orta məktəbinin şagirdi Nərgiz Quliyeva ekskursiyadan zəngin təəssüratla qayıdacaqlarına əmin olduğunu bildirib: “Biz məktəbliləri çox maraqlı səfər gözləyir. Ekskursiyadan çox şey öyrənəcəyik. Quba, Qusar və Xaçmaz rayonlarının təbiəti, tarixi abidələri ilə tanış olacağıq. Bizə bu imkanı yaratdığına görə dövlətimizin başçısına minnətdaram”.

Tuğ kənd tam orta məktəbinin şagirdi Aqil Göyüşov fikrini belə ifadə edib: “Mənim dədə-baba yurdum işğal altındadır. Xocavənd rayonu da gözəl təbiəti, tarixi abidələri ilə tanınır. Bu gün biz şimal bölgəsinə səfər edirik. İnanıram ki, doğma Qarabağımız tezliklə işğaldan azad ediləcək və digər bölgələrin şagirdləri də bu yerlərə ekskursiya edəcək”.

Valideyn Elxan Əkbərov isə deyib: “Çox sevinirəm ki, övladım tur aksiyada iştirak edir. İnanıram ki, bu səfər şagirdlərin ölkəmizi daha yaxşı tanımalarına, dünyagörüşlərinin artmasına səbəb olacaq”.

Mərasim başa çatdıqdan sonra şagirdlər onlar üçün ayrılmış avtobusla şimal bölgəsinə yola düşüblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.