CƏMİYYƏT
“Ölkəmizi tanıyaq” tur-aksiyası: naxçıvanlı məktəblilər Bakıdan muxtar respublikaya yola salınıb VİDEO
Bakı, 26 mart, AZƏRTAC
“Ölkəmizi tanıyaq” devizi ilə keçirilən maarifləndirici tur-aksiya çərçivəsində Naxçıvan Muxtar Respublikasına yola salınan şagirdləri Bakıdan aparan təyyarə martın 26-da Heydər Əliyev Beynəlxalq Aeroportunda havaya qalxıb.
AZƏRTAC xəbər verir ki, tur-aksiya çərçivəsində muxtar respublikadan IX-XI siniflərdə təhsil alan 160 şagird və 20 bələdçi-müəllim Bakıya səfər etmişdi.
Qrup rəhbəri Murad Babayev AZƏRTAC-a müsahibəsində bildirib ki, martın 23-dən başlayaraq naxçıvanlı şagirdlər proqrama uyğun olaraq paytaxtımızın tarixi abidələri ilə yanaşı, digər görməli yerlərini də gəziblər. Şagirdlərə abidələr barədə dəqiq və düzgün məlumatlar çatdırılıb. Həmçinin tur-aksiya çərçivəsində məktəblilər üçün gözəl ekskursiyalar, bilik yarışları, əyləncəli oyunlar təşkil olunub. Bütün bunların gənc nəslin milli ruhda formalaşmasına böyük təsiri var. Belə tur-aksiyaların keçirilməsi şagirdlərə böyük ruh yüksəkliyi gətirib.
O, bütün iştirakçılar adından aksiyanın təşəbbüskarı olan dövlətimizin başçısına minnətdarlığını bildirib.
Culfa şəhər 2 saylı orta məktəbin XI sinif şagirdi Nuray Rzabəyli bildirib ki, bu tur-aksiyada iştirak etdiyi üçün çox şaddır. Tur-aksiyanın Novruz bayramı ərəfəsində keçirilməsinin daha da sevindirici hal olduğunu vurğulayan culfalı məktəbli deyib: “Aksiya çərçivəsində ölkəmizin gözəllikləri, abidələri, tarixi ilə daha yaxından tanış olduq. Arzu edərdim ki, gələn illərdə bu aksiya Qarabağda keçirilsin”.
Naxçıvanlı şagird Pənah Əbdürrəhmanlı da fikirlərini bölüşüb. O deyib: “Səfər çox gözəl keçdi. Əvvəllər görmədiyimiz yerləri ilk dəfə gördük. Bakının gözəl məkanlarına səfər etdik. Bu, həyatımızda irəliyə doğru atılmış böyük bir addım oldu. Həmişə kitablarda, şəkillərdən tanış olduğumuz Qız Qalasını, Şirvanşahlar və Heydər Əliyev saraylarını yaxından gördük”.