REGİONLAR
“Ölkəmizi tanıyaq” tur-aksiyası şagirdlərdə vətənpərvərlik hisslərinin formalaşmasında əvəzsiz rol oynayır
Cəlilabad, 17 noyabr, Bağır Əliyev, AZƏRTAC
“Ölkəmizi tanıyaq” layihəsi çərçivəsində noyabrın 17-dən 20-dək keçirilən maarifləndirici tur-aksiyada iştirak edən Cəlilabad rayonunun ümumtəhsil məktəblərinin IX-XI sinif şagirdləri ölkəmizin qərb bölgəsinə yola düşüblər.
AZƏRTAC xəbər verir ki, Gəncə-Şəmkir-Göygöl istiqaməti üzrə tur-aksiya iştirakçılarının yolasalma mərasimində rayon icra hakimiyyətinin məsul əməkdaşları, təhsil işçiləri və valideynlər iştirak ediblər.
Maarifləndirici aksiyanın iştirakçıları Heydər Əliyev parkında Ulu Öndərin abidəsi önünə gül dəstələri düzərək, xatirəsini ehtiramla anıblar.
Sonra məktəblilər Heydər Əliyev Mərkəzinə gələrək Ümummilli Liderin həyat və fəaliyyətini, böyük rəhbərin Cəlilabad rayonuna etdiyi səfərləri əks etdirən eksponatlar və fotoşəkillərlə tanış olublar.
Yolasalma mərasimində çıxış edənlər dövlətimizin başçısının tövsiyəsinə əsasən ümumtəhsil məktəblərinin IX-XI sinif şagirdləri üçün “Ölkəmizi tanıyaq” devizi altında təşkil edilən maarifləndirici tur-aksiyaların əhəmiyyətini yüksək dəyərləndirib, məktəblilərə Azərbaycanın bölgələrinin tarixi, mədəni irsi, adət-ənənələri, özünəməxsus xüsusiyyətləri ilə yaxından tanış olmaq imkanı yaratdığına görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.
Qeyd olunub ki, “Ölkəmizi tanıyaq” tur-aksiyası şagirdlərdə vətənpərvərlik hisslərinin formalaşmasında əvəzsiz rol oynayır. Məktəblilər onlar üçün yaradılan bu imkandan səmərəli istifadə etməli, biliklərini zənginləşdirməli, istirahətlərini mənalı keçirməlidirlər.
Sonra cəlilabadlı məktəblilər ölkəmizin qərb bölgəsinə yola düşüblər.