REGİONLAR
“Ölkəmizi tanıyaq” tur-aksiyasında iştirak edən Qarabağ bölgəsinin şagirdləri Qəbələdən xoş təəssüratla ayrılıblar
Qəbələ, 25 mart, Şahnəzər Bəşirov, AZƏRTAC
“Ölkəmizi tanıyaq” devizi ilə keçirilən maarifləndirici tur-aksiya çərçivəsində Şəki-Zaqatala-Qəbələ marşrutu üzrə ekskursiyaya çıxan Ağcabədi, Ağdam, Bərdə, Beyləqan, İmişli və Füzuli rayonlarının məktəbliləri səfərin üçüncü günündə - martın 25-də Qəbələ rayonuna gəliblər.
AZƏRTAC xəbər verir ki, tur-aksiya iştirakçıları Qəbələ şəhər Heydər Əliyev Mərkəzinin qarşısında rayonun rəhbər işçiləri tərəfindən mehribanlıqla qarşılanıblar. Sonra Heydər Əliyev Mərkəzini ziyarət edən məktəblilər Ulu Öndərin mənalı həyatını və çoxşaxəli siyasi fəaliyyətini əks etdirən fotoşəkillər və sənədlərlə tanış olublar. Şagirdlər muzeyin qarşısında xatirə şəkli çəkdiriblər.
Ümumilikdə 240 məktəblinin Qəbələ ilə tanışlığı zamanı növbəti ünvan “Tufandağ” qış-yay turizm istirahət kompleksi olub. Bölgənin ən çox turist qəbul edən bu obyekti ilə tanışlıq zamanı şagirdlərə məlumat verilib ki, kompleksin 4 kanat xəttinin və 10 xizək yolunun hamısında tikinti işləri başa çatdırılıb. Turistlərin istirahətinin təşkili üçün hər cür şəraiti olan restoranlar və beşulduzlu “Tufandağ” oteli açılıb, bütün dağ-xizək trassası süni qaryağdıran generasiya sistemi ilə təchiz edilib. Gün ərzində kompleksdə 3 min nəfərə xidmət göstərilməsi üçün şərait yaradılıb. Ümumilikdə 4 kanat xəttinin uzunluğu 6 kilometr, 10 xizək yolunun uzunluğu 17 kilometrdir. “Tufandağ” qış-yay turizm istirahət kompleksinin xidmətlərindən ötən 3 il ərzində 360 mindən çox yerli və xarici qonaq bəhrələnib. Şagirdlər kanat yolu ilə uca dağların zirvəsinə qalxaraq oradan Qəbələ şəhərini və ətrafdakı çayları, meşələri, gözəl mənzərəni seyr edib, xatirə şəkli çəkdiriblər.
Heydər Əliyev adına Konqres Mərkəzi ilə tanış olan şagirdlərə məlumat verilib ki, 1200 yerlik mərkəzin binası üç mərtəbədən ibarətdir. Birinci mərtəbədə zallar, 350 yerlik restoran və inzibati otaqlar yerləşir. Çoxfunksiyalı 1200 yerlik konfrans zalı isə ikinci mərtəbədədir. Konfrans zalında xüsusi qurğu vasitəsilə oturacaqların aşağı enməsi başqa məqsədlər - konsert, iclas üçün əlverişli şəraitin yaradılmasına imkan verir.
Sonra şagirdlər tarix-diyarşünaslıq muzeyində 900 il Qafqaz Albaniyasının paytaxtı olmuş Qəbələnin tarixi, mədəniyyəti və etnoqrafiyası haqqında məlumat əldə ediblər. Bildirilib ki, muzeyin əsas fondunda Qəbələnin 2500 illik tarixini əks etdirən 12 mindən çox tarixi və elmi əhəmiyyətə malik eksponat mühafizə olunur.
Daha sonra Nic qəsəbəsinə səfər edən şagirdlər buradakı “Cotari” Alban-Udin kilsəsinə böyük maraqla baxıblar. Məlumat verilib ki, kilsə tarixi baxımdan qədim və əhəmiyyətli abidələrdən biridir. Nic qəsəbəsi tolerantlığın kiçik bir modeli hesab edilir. Qəsəbədə 3 kilsə və iki məscid var. Altı min əhalisi olan qəsəbədə 3700 udin yaşayır. Nic qəsəbəsində udinlər öz dilini, dinini, adət-ənənələrini 2500 ildir ki, qoruyub saxlayırlar. Nicdəki məktəblərin ibtidai siniflərində udin dili tədris olunur.
Məktəblilər “Beltmann” piano fabrikində və Qəbələ konserv zavodunda istehsal prosesi ilə tanış olublar. Həmçinin şagirdlər Çuxur Qəbələ Tarix və Mədəniyyət Qoruğuna səfər edib, qədim Qəbələ şəhərinin xarabalıqları və ərazidə aparılan arxeoloji qazıntıların nəticələri, eləcə də Qəbələ Arxeoloji Mərkəzində nümayiş olunan maddi-mədəniyyət nümunələri ilə tanış olublar. Məlumat verilib ki, Azərbaycanın ən qədim şəhərlərindən olan Qəbələnin çox zəngin tarixi vardır. Bu rayondakı ölkə əhəmiyyətli qədim memarlıq abidələri mədəni irsimizin nadir inciləri hesab olunur.
Şagirdlər Qəbələyə səfər zamanı rayonda yaradılan müasir turizm infrastrukturu, bölgənin füsunkar təbiəti ilə də tanış olublar və rayondan xoş təəssüratlarla ayrılıblar.