REGİONLAR
“Ölkəmizi tanıyaq” tur-aksiyasının iştirakçıları Naxçıvan Muxtar Respublikasına yola düşüblər VİDEO
Bakı, 17 mart, Xalid Məmmədov, AZƏRTAC
Prezident İlham Əliyevin tapşırığına əsasən respublikamızın şəhər və rayonlarının IX-XI sinif şagirdləri üçün “Ölkəmizi tanıyaq” devizi ilə keçirilən maarifləndirici tur-aksiyanın növbəti mərhələsinə start verilib. Martın 17-də respublikamızın müxtəlif rayon və şəhərlərindən 180 şagird Naxçıvana yola düşmək üçün Bakıya, Heydər Əliyev Beynəlxalq Aeroportuna gəliblər.
Mədəniyyət və Turizm Nazirliyinin sektor müdiri Mahir Qəhrəmanov AZƏRTAC-a bildirib ki, “Ölkəmizi tanıyaq” layihəsi dövlətimizin başçısının tapşırığına əsasən üçüncü ildir keçirilir. İndiyədək 3 mindən çox şagird layihədə iştirak edib. Bu mərhələdə isə 720 şagirdin iştirakı nəzərdə tutulub. Hazırda 180 şagird Naxçıvana yola salınır. Eyni zamanda, Naxçıvandan da 180 şagird Azərbaycanın bölgələrinə səfər edəcək. Layihədən məqsəd ölkə gənclərinin vətənpərvərlik, tarixi-mədəni irsimizə hörmət ruhunda tərbiyə olunmasına, məktəblilərin dünyagörüşünün daha da zənginləşməsinə xidmət etməkdən ibarətdir.
Sonra tur-aksiya iştirakçıları hava limanından Naxçıvan Muxtar Respublikasına yola düşdülər.