REGİONLAR
“Ölkəmizi tanıyaq” tur-aksiyasının iştirakçısı olan 5 rayonun məktəbliləri Qəbələyə gəliblər
Qəbələ, 16 mart, Şahnəzər Bəşirov, AZƏRTAC
Martın 16-da respublikamızın şəhər və rayonlarının IX-XI sinif şagirdləri üçün “Ölkəmizi tanıyaq” devizi ilə keçirilən növbəti maarifləndirici tur-aksiyalara start verilib.
AZƏRTAC xəbər verir ki, Qəbələ-Şəki-Zaqatala marşrutu üzrə keçirilən tur-aksiyada iştirak edən Gəncə, Gədəbəy, Göygöl, Samux və Şəmkir məktəblilərindən ibarət 5 qrupun üzvləri martın 16-da Qəbələ rayonuna səfər ediblər. Şagirdləri Qəbələ şəhərindəki Heydər Əliyev Mərkəzinin qarşısında rayon icra hakimiyyətinin və təhsil şöbəsinin nümayəndələri qarşılayıb.
Rayondakı “Qafqaz Karvansaray” otelinə yerləşən şagirdlər nahar etdikdən sonra Qəbələ ilə tanış olmağa başlayıblar. Şagirdlərə maarifləndirici xarakter daşıyan bu tur-aksiyanın əhəmiyyəti barədə geniş məlumat verilib. Bildirilib ki, onlar tur-aksiyanın proqramına uyğun olaraq martın 16-19-da Qəbələ, Şəki və Zaqatala rayonlarının sosial-iqtisadi inkişafı istiqamətində görülən işlər, son illərdə inşa edilən sosial obyektlər, əyləncə və istirahət mərkəzləri, tarixi-mədəni abidələri, coğrafiyası, turizm obyektləri, muzeyləri ilə tanış olacaqlar.
Həmçinin proqrama uyğun olaraq 5 şəhər və rayonun orta ümumtəhsil məktəblərini təmsil edən 240 şagirdin və onlara rəhbərlik edən müəllimlərin iştirakı ilə Qəbələ şəhərində “Ölkəmizi tanıyaq” devizi altında ağacəkmə aksiyası keçirilib. Qəbələ Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə keçirilən yaşıllaşdırma aksiyası zamanı məktəblilər 250-dən çox küknar, ağcaqayın və palıd ağacı əkərək onları suvarıblar.
Qəbələdəki Nohur gölü ilə tanışlıq da şagirdlərin marağına səbəb olub. Sıx meşəlik və dağlıq ərazidə yerləşən gölün ətrafında gəzintiyə çıxan məktəblilər xatirə şəkilləri çəkdiriblər. Məlumat verilib ki, dəniz səviyyəsindən 700 metr hündürlükdə yerləşən Nohur gölünün ətrafı sıx meşələr və dağlarla əhatələnib. Sahəsi 240 hektar olan gölün dərinliyi 24 metrdir. Nohur gölünə Dəmiraparan və Vəndam çaylarının suyu axır.
Sonra məktəblilər Vəndam qəsəbəsindəki “Yeddi gözəl” şəlaləsinə səfər ediblər. Onlar gözəl təbiət qoynunda istirahət edib, mənzərəli guşədə şəkillər çəkdiriblər. Şagirdlərə sıx meşəlik və hündür dağlıq ərazidə yerləşən “Yeddi gözəl” şəlaləsi barədə məlumat verilib.
Yengicə kəndindəki “Zoopark”a ekskursiya da şagirdlərə xoş anlar yaşadıb.
Sonra tur aksiya iştirakçıları Qəbələ Mədəniyyət Mərkəzində fəaliyyət göstərən İsmayıl bəy Qutqaşınlı adına Xalq Teatrının təqdimatında İsi Məlikzadənin “Gəl qohum olaq” pyesi əsasında səhnələşdirilən tamaşaya baxıblar. Səhnə əsərinin rejissoru Elşən Salehovdur. Yerli aktyorların çıxışı alqışlarla qarşılanıb.
Şam yeməyindən sonra şagirdlərin iştirakı ilə musiqili-əyləncəli tədbirlər və intellektual oyunlar təşkil edilib.
Qeyd edək ki, Kəlbəcər, Goranboy, Xocalı və Yevlax məktəbliləri isə bu gündən Şəki-Zaqatala-Qəbələ marşrutu üzrə gəzintiyə çıxıblar. Bu rayonların şagirdləri martın 18-də Qəbələ rayonuna gələcəklər.