CƏMİYYƏT
Ölkəmizin bir neçə tibb müəssisələrində kök hüceyrələrin tədqiqinə başlanılıb
Bakı, 24 fevral, AZƏRTAC
Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərrahiyyə Klinikasında “Kök hüceyrələrinin müasir kliniki tətbiq sahəsi” mövzusunda konfrans keçirilib.
ATU-dan AZƏRTAC-a bildiriblər ki, konfransda universitetin elmi işlər üzrə prorektoru Rauf Bəylərov çatmayan və ya pozulmuş hüceyrələrin əvəz edilməsinə əsaslanan müasir hüceyrə terapiyasının son illərdə sürətlə inkişaf etdiyini qeyd edib. Bildirilib ki, bu gün bu istiqamətdə bir çox irəliləyişlər əldə edilib və hüceyrə terapiyası meydana gəlib. Artıq bəzi sahələrdə hüceyrə terapiyasını standart olaraq tətbiq edirlər. Bunlara sümük ilik transplantasiyalarını və digərlərini aid etmək olar. Hazırda klinik və eksperimental tədqiqatlar aparılmaq üçün dünyanın bir çox ölkələrində müasir laboratoriyalar yaradılıb. Ölkəmizin bu sahədə təcrübəsi hələ böyük olmasa da, artıq bir neçə xəstəxanada, o cümlədən ATU-nun Tədris Cərrahiyyə Klinikasında kök hüceyrələrinin tədqiqinə başlanılıb.
Sonra konfransda Azərbaycan və türkiyəli alimlərin mövzu ilə bağlı mühazirələri dinlənilib.