REGİONLAR
Ölkəmizin cənub bölgəsi ilə tanışlıq məktəblilərdə zəngin təəssürat yaradıb
Lənkəran-Astara-Masallı, 13 noyabr, Bağır Əliyev, AZƏRTAC
“Ölkəmizi tanıyaq” tur-aksiyanın iştirakçısı olan Gəncə şəhərinin, Ağstafa, Samux, Kəlbəcər, Daşkəsən və Bakının Nəsimi, Yasamal, Binəqədi rayonlarının məktəbliləri noyabrın 13-də Lənkəran rayonuna səyahət ediblər.
AZƏRTAC xəbər verir ki, tur-aksiyanın iştirakçıları əvvəlcə Heydər Əliyev Xatirə Parkında Ümummilli Liderin abidəsi önünə gül dəstələri düzərək xatirəsini ehtiramla yad edib, Ulu Öndərin adını daşıyan Mərkəzdə böyük rəhbərin zəngin və mənalı ömür yolunu əks etdirən eksponatlar və fotoşəkillərlə tanış olublar.
Tur-aksiyanın iştirakçıları IDEA İctimai Birliyinin təşəbbüsü ilə “Hərəmiz bir ağac əkək” devizi ilə keçirilən aksiyaya qoşularaq Lənkəran Beynəlxalq Aeroportuna gedən yol boyunca 500-ə yaxın küknar, ağcaqayın və yerli növ ağaclar əkiblər.
Sonra aksiya iştirakçıları rayondakı “Xanbulan” istirahət mərkəzinə və Hirkan Milli Parkına səyahət ediblər.
Məktəblilərə məlumat verilib ki, Hirkan Milli Parkı Azərbaycan Respublikasının cənub-şərqində, Xəzər dənizi sahilində, Lənkəran və Astara inzibati rayonlarının ərazisində yerləşir və ümumi sahəsi 21 min 435 hektardır.
Diqqətə çatdırılıb ki, 2004-cü il fevralın 9-da Azərbaycan Prezidentinin Sərəncamı ilə Hirkan Milli Parkı yaradılıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təklifi əsasında Hirkan Milli Parkı UNESCO-nun tərtib etdiyi “Ümumdünya Mədəni və Təbii İrs Siyahısı”na daxil olması üçün qeydiyyata alınıb.
Bildirilib ki, Hirkan Milli Parkı çoxlu sayda endemik relikt növlərin mövcud olduğu təbiət muzeyidir. Bu muzeyin yaşı min illərlə ölçülür.
Buzlaşma dövründə şimaldan hərəkət edən buzlaqlar Talış sıra dağlarını fəth edə bilməyib. Nəhəng buz parçalarının çökəklikdə yerləşən Xəzər dənizində tədricən əriməsi nəticəsində bu ərazilər buzlaşmaya məruz qalmayıb, qədim meşə örtüyü bu günümüzədək gəlib çatıb.
Məktəblilər Xanbulan kəndində salınmış sitrus meyvə bağları və çay plantasiyaları ilə də yaxından tanış olublar.
Kənd Təsərrüfatı Nazirliyinin Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutunun Lənkəran Çay Filialının şöbə müdiri, kənd təsərrüfatı üzrə fəlsəfə doktoru Sabir Ramazanov tur-aksiya iştirakçılarına cənub bölgəsində çayçılığın inkişafı tarixi, müəssisədə aparılan elmi-tədqiqat işləri, təcrübələr və onların nəticələri barədə ətraflı məlumat verib.
Lənkəran şəhərindəki “Qoşa Qala qapıları”, “Mayak” binası, Bayraq Meydanı, tarix-diyarşünaslıq muzeyi, Gənclər Mərkəzi ilə tanışlıq məktəblilərin böyük marağına səbəb oldu.
Daha sonra tur-aksiyanın iştirakçıları iki dəfə Sovet İttifaqı Qəhrəmanı, tank qoşunları general-mayoru Həzi Aslanovun möhtəşəm abidəsini ziyarət edib, Qəhrəmanın Lənkəran şəhərindəki ev-muzeyində nümayiş etdirilən eksponatlarla tanış olublar. Burada şagirdlərə igid Qəhrəmanın İkinci Dünya müharibəsində keçdiyi döyüş yolu barədə ətraflı məlumat verilib.
Bildirilib ki, iki dəfə Sovet İttifaqı Qəhrəmanı, tank qoşunları qvardiya general-mayoru Həzi Aslanov 1910-cu il yanvarın 22-də Lənkəranda anadan olub.
Qəhrəmanın ev muzeyi 1969-cu il mayın 9-da yaradılıb. Muzeydə 5 ekspozisiya otağı fəaliyyət göstərir.
Axşam yeməyindən sonra məktəblilər “Şah sarayı”nda onlar üçün təşkil edilmiş müxtəlif əyləncəli proqramlarda iştirak ediblər.
* * * * * *
Həmin gün tur-aksiyanın Qazax, Şəmkir və Gədəbəy rayonlarından olan iştirakçıları Astara və Masallı rayonuna səyahət ediblər.
Məktəblilər Astara rayonunda Heydər Əliyev Mərkəzində, “Gənclər evi”ndə, Xəzər dənizi sahilində 8 hektar ərazidə salınmış park-bulvar kompleksində, “Yanar Bulaq”da və “Astaraçay” MMC-nin çay fabrikində, Masallı rayonunda Heydər Əliyev Mərkəzində, Bayraq Meydanında, Tarix-Diyarşünaslıq Muzeyində, Uşaq İncəsənət Məktəbində, Dövlət Rəmzləri Muzeyində, “ASAN həyat” kompleksində olublar.
Cənub bölgəsinə səyahəti həmişə xatırlayacaqlarını bildirən məktəblilər tur-aksiyanın onlarda zəngin təəssürat yaratdığını diqqətə çatdırıblar.