REGİONLAR
Ölkəmizin cənub bölgəsində Respublika Gününün sevinci yaşanır
Astara, 26 may, Bağır Əliyev, AZƏRTAC
Mayın 26-da ölkəmizin cənub bölgəsində Respublika Günü bayram təntənəsi ilə qeyd olunub.
AZƏRTAC xəbər verir ki, 28 May-Respublika Gününə həsr olunmuş tədbirin iştirakçıları əvvəlcə Ümummilli Liderin Mərkəzdə ucaldılmış büstü önünə gül dəstələri düzərək xatirəsini ehtiramla yad ediblər. Sonra Astara şəhərindəki Heydər Əliyev Mərkəzində Ulu Öndərin zəngin və mənalı ömür yolunu əks etdirən eksponatlar və fotoşəkillərlə tanış olublar.
Bayram tədbirində Astara Rayon İcra Hakimiyyəti başçısının müavini Yasəmən Rəsulavanın Respublika Günü ilə bağlı məruzəsi dinlənilib. Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının xalqımızın həyatında ən unudulmaz günlərdən biri olduğunu vurğulayan Y.Rəsulova qeyd edib ki, ilk müstəqil dövlətimizin ömrü az olub. Cümhuriyyət 1920-ci il aprelin 28-də bolşevik təcavüzü nəticəsində süquta uğrasa da, xalqımızın qəlbində azadlıq arzusu heç vaxt sönməyib. Azərbaycan 1991-ci il oktyabrın 18-də öz dövlət müstəqilliyini bərpa edib.
Diqqətə çatdırılıb ki, yenidən qazanılmış müstəqilliyin ilk illərində ölkəmiz ağır günlər yaşayıb, hətta müstəqilliyini itirmək təhlükəsi ilə üzləşib. Belə çətin günlərdə xalqımızın təkidli tələbi ilə yenidən respublikaya rəhbərliyə qayıdan xalqımızın ümummilli lideri Heydər Əliyevin müdrik və qətiyyətli siyasət nəticəsində müstəqilliyimizin əbədiliyi və sarsılmazlığı təmin olunub, Azərbaycan hərtərəfli inkişafı yoluna qədəm qoyub.
Tədbirdə çıxış edənlər Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyətini yüksək dəyərləndirərək astaralıların Prezident İlham Əliyevin müdrik siyasətini dəstəklədiklərini və onun ətrafında sıx birləşdiklərini bildiriblər.
X X X
Lənkəran şəhərindəki Heydər Əliyev Mərkəzində 28 May- Respublika Gününə həsr olunmuş “İnsanlara hürriyyət, millətlərə istiqlal” mövzusunda keçirilən tədbir dövlət himninin səslənməsi ilə başlanıb.
Toplantıda Mərkəzin direktoru Reyhanə Sadıxovanın mövzu ilə bağlı məruzəsi dinlənilib. Azərbaycanın istiqlal mübarizəsi tarixindən danışan məruzəçi qeyd edib ki, Azərbaycan Xalq Cümhuriyyəti 23 ay yaşasa da, xalqımızın azadlıq tarixində silinməz iz qoyub.
Azərbaycan 71 ildən sonra yenidən öz azadlığına qovuşub və ümummilli lider Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində müstəqilliyimiz əbədi və dönməz xarakter alıb. Bu gün Ulu Öndərin siyasi kursunu qətiyyətlə davam etdirən Prezident İlham Əliyevin uğurlu fəaliyyəti nəticəsində ölkəmiz dünya birliyində özünə layiqli yer tutub.
Sonra digər çıxışlar dinlənilib.
Tədbir iştirakçıları Mərkəzin rəsm studiyası istedadlarının milli dövlətçilik tariximizi əks etdirən rəsmləri ilə tanış olublar.
X X X
28 May-Respublika Günü münasibətilə Lerikdə keçirilən ümumrayon tədbirində Azərbaycan Xalq Cümhuriyyətinin tarixi xidmətlərindən danışılıb.
Toplantıda çıxış edən Lerik Rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırov diqqətə çatdırıb ki, 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin elan edilməsi ilə xalqımızın qədim dövlətçilik ənənələri bərpa olunub, insan hüquqlarının və azadlıqlarının təminatına, irqi, milli, dini, sosial bərabərsizliyin aradan qaldırılmasına, demokratik dövlət təsisatlarının qurulmasına şərait yaranıb.
Tədbirdə məruzə ilə çıxış edən rayon icra hakimiyyəti başçısının birinci müavini Cəlil Baxşıyev Azərbaycan Xalq Cümhuriyyətinin gördüyü böyük işlərdən və müasir dövrdə əldə olunan nailiyyətlərdən danışıb. Qeyd olunub ki, bu gün müstəqil daxili və xarici siyasət yeridən Azərbaycan Respublikası artıq dünyada nüfuz və söz sahibinə çevrilib. Dörd il əvvəl ilk telekommunikasiya peykinin uğurla orbitə çıxaran Azərbaycan azsaylı kosmik ailəyə daxil olub. Ölkəmiz bir sıra mühüm beynəlxalq forumlara və tədbirlərə, idman yarışlarına uğurla ev sahibliyi edir. Möhtəşəmliyi ilə bütün dünyanın diqqətini cəlb edən “Bakı-2107” IV İslam Həmrəyliyi Oyunları Azərbaycanın qüdrətinin daha bir parlaq nümayişi oldu.
X X X
Cəlilabad şəhərində 28 May-Respublika Gününə həsr olunmuş ümumrayon tədbiri ulu öndər Heydər Əliyevin abidəsinin ziyarət olunması ilə başlayıb.
Bayram tədbirində çıxış edən Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov 1918-ci il mayın 28-də qurulmuş Azərbaycan Xalq Cümhuriyyətinin tarixi əhəmiyyətindən danışıb. Qeyd edib ki, Cümhuriyyətin varisi olan müasir Azərbaycan bu gün dünyanın ən sürətlə inkişaf edən ölkələrindən biridir.
Dövlət müstəqilliyinin bərpasından sonra yaranmış böhranlı vəziyyəti xatırladan Ə.Əzizov deyib ki, o vaxt Azərbaycan parçalanmaq və müstəqilliyini itirmək təhlükəsi ilə üzləşmişdi. Belə bir çətin vaxtda yenidən siyasi rəhbərliyə qayıdan xalqımızın ümummilli lideri Heydər Əliyevin müdrik siyasəti nəticəsində müstəqilliyimizin əbədiliyi və dönməzliyi təmin olundu, Azərbaycan inkişaf yoluna çıxdı.
Vurğulanıb ki, bütün xalqımız kimi, cəlilabadlılar da Prezident İlham Əliyevin ətrafında sıx birləşərək doğma Vətənin inkişafına öz töhfələrini verməyə çalışırlar.
Tədbir konsert proqramı ilə davam edib.