CƏMİYYƏT


Ölkəmizin təmsilçisi Norveçdə keçirilən beynəlxalq konfransda iştirak edir

Bakı, 20 iyun, AZƏRTAC

İyunun 19-da Norveçin Bergen şəhərində Ümumdünya Səhiyyə Təşkilatının dəstəyi, Böyük Britaniyanın Sent-Endryus Universiteti və Bergen Universitetinin təşkilatçılığı ilə “Məktəbyaşlı uşaqlar arasında sağlam davranışların tədqiqi” üzrə beynəlxalq şəbəkənin konfransı başlayıb. İki gün davam edəcək konfransda ölkəmizi Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin (İSİM) Səhiyyə siyasəti və islahatlar şöbəsinin müdiri Nabil Seyidov təmsil edir.

İSİM-dən AZƏRTAC-a bildirilib ki, təmsilçimiz həmin sorğunun Azərbaycanda keçirilməsi zamanı qazanılan uğur və çətinliklər, ümumiyyətlə, metodologiyanın tədqiqi ilə əlaqədar texniki məsələlər və əldə edilən ilkin nəticələr barədə konfransda məlumat verəcək. Bu il konfransda təmsil olunan 43 ölkənin hər birində tədqiqatın rəsmi olaraq həyata keçirilməsi və layihədə hər ölkədən təqribən 4300 nəfər 11-13-15 yaşlı məktəblinin iştirakı nəzərdə tutulur.

Ölkəmizdə ilk dəfə keçirilən sorğu məktəbli uşaqların üzləşdiyi problemlərin müəyyənləşdirilməsinə və konkret hədəflərdən ibarət fəaliyyət proqramlarının hazırlanmasına yardım göstərəcək.

Artıq 30 ilə yaxındır dünyanın 43 ölkəsində məktəb şagirdləri arasında sağlam davranışların tədqiqinə dair araşdırma aparılır. Bu il şəbəkənin üzvlüyünə qəbul edilən ölkəmizdə pilot layihəsi kimi həmin metodologiyanın tətbiqi Təhsil Nazirliyi ilə birgə əməkdaşlıq çərçivəsində İSİM tərəfindən cari ilin aprel-may-iyun aylarında Xızı rayonunun, Bakı və Sumqayıt şəhərlərinin tam orta məktəblərinin 1350 şagirdi arasında həyata keçirilib. “Məktəbli uşaqlar arasında sağlam vərdişlərin tədqiqi” sorğusu Avropa və Şimali Amerikada geniş istifadə edilən və 45 ölkədə hər dörd ildən bir aparılan araşdırmadır. Sorğu “Azərbaycan Respublikasında qeyri-infeksion xəstəliklərə qarşı mübarizəyə dair 2015-2020-ci illər üzrə Strategiya”ya və “Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 2014-2020-ci illər üçün Strateji Planı üzrə Fəaliyyət planı”nın 4.2-ci bəndinə əsasən təşkil edilib və onu Təhsil Nazirliyinin dəstəyi ilə Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi aparıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.