CƏMİYYƏT
“Ölkəni tanıt” gənclərarası təqdimat yarışına start verilib
Bakı, 28 noyabr, AZƏRTAC
Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi və DVC-nin (“Vətəndaş Cəmiyyətində Debat” İctimai Birliyi) tərəfdaşlığı ilə həyata keçirilən “Ölkəni tanıt” gənclərarası təqdimat yarışına start verilib. Layihə çərçivəsində təlim sessiyası artıq başa çatıb.
AZƏRTAC xəbər verir ki, layihə ölkəni gənclərə daha yaxşı tanıdaraq, onların təqdimat bacarıqlarını inkişaf etdirmək məqsədi daşıyır.
Layihə çərçivəsində iştirak haqqı qazanmış gənclər komandalara bölünərək ölkəmizin tarixi, coğrafiyası və ədəbiyyatı barədə araşdırmalar aparacaqlar. Növbəti mərhələdə iştirakçılar seçdikləri mövzulara uyğun təqdimatlar hazırlayacaqlar. Daha sonra yekun tədbirdə təqdimatlar keçirən gənclər münsiflər heyəti tərəfindən qiymətləndiriləcəklər. Qaliblər sertifikatla təltif olunacaq, hədiyyələrlə mükafatlandırılacaqlar. Sonda iştirakçılar ölkəmizin tarixi məkanlarına təşkil olunan turda iştirak edəcəklər.