MƏDƏNİYYƏT


Olqa Qolodets: Bu, nadir ekspozisiyanın toplandığı möhtəşəm sərgidir VİDEO

Rusiyanın siyasi və ictimai xadimləri “Abşeron ulduzları. 1960-1980-ci illərin Azərbaycan rəssamları” sərgisini yüksək qiymətləndiriblər

Moskva, 15 noyabr, AZƏRTAC

AZƏRTAC-ın xəbər verdiyi kimi, Moskvada “Abşeron ulduzları. 1960-1980-ci illərin Azərbaycan rəssamları” sərgisi açılıb. Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun Prezidenti Mehriban Əliyeva açılış mərasimində iştirak edib.

Sərginin açılışında Rusiyanın tanınmış siyasi və ictimai xadimləri də iştirak edirdilər. Onlardan bəziləri AZƏRTAC-ın müxbirinə müsahibəsində sərgi barədə təəssüratlarını bölüşüb, Rusiya-Azərbaycan əlaqələri, mədəniyyət və incəsənət sahəsində münasibətlərin inkişafı barədə danışıblar.

RF Hökuməti sədrinin müavini Olqa Qolodets:

-Bu, möhtəşəm sərgidir. Heydər Əliyev Fondunun, Tretyakov Qalereyasının, Azərbaycan hökumətinin və RF Mədəniyyət Nazirliyinin səyləri sayəsində nadir ekspozisiya toplanıb. Bütün əsərləri xüsusi bir ab-hava – Abşeron məktəbinin ab-havası birləşdirir. Bu, xüsusi rənglər, xüsusi kolorit, bənzərsiz rəngkarlıqdır. Mənə belə gəlir ki, həmin rəsm əsərlərinə heç kəs laqeyd qalmayacaq. Bu gözəl sərgi sovet incəsənətinin yenidən dərk edilməsində böyük bir irəliləyişdir.

Mən yaxın vaxtlarda Bakıda oldum. Azərbaycan hökumətinin müasir memarlığa, mədəniyyətə, təhsil məsələlərinə diqqəti məni heyran etdi. Bu, ənənələrə əsaslanan qayğıkeş münasibətdir. Mən məktəbdə də, Xalça Muzeyində də oldum, həm tələbələrlə, həm də məktəblilərlə görüşdüm. Ölkələrimiz arasında mehriban qonşuluq ənənələri davam edir. Biz məktəblilərin mübadiləsi barədə razılığa gəldik və Azərbaycandan olan şagirdləri Sankt-Peterburqa Yeni il tətillərinə dəvət etdik. Ümidvaram ki, bu səfər uşaqların yadında qalacaq.

RF mədəniyyət naziri Vladimir Medinski:

-Tretyakov Qalereyası bizim qonşu dövlətlərin – keçmiş sovet respublikalarının incəsənətinə həsr edilmiş silsilə tədbirlər keçirilməsini planlaşdırır. Çox yaxşı haldır ki, bu silsilə məhz Heydər Əliyev Fondunun dəstəyi ilə təşkil edilmiş Azərbaycan rəssamlarının sərgisi ilə başlanır. Abşeron yarımadası xüsusi yaradıcılıq energetikasına malik bir məkandır. Mən orada dostlarımın qonağı olmuşam. Sərginin bütün qonaqlarına tövsiyə etmək istərdim ki, Abşeron mədəniyyəti ilə tanışlığa Tretyakov Qalereyasından başlasınlar, sonra isə günəşli Azərbaycana getsinlər. Bu gözəl sərginin təşkilinə görə Heydər Əliyev Fonduna, “Mərcani” Fonduna, Azərbaycan səfirliyinə və Tretyakov Qalereyasına təşəkkür edirəm.

Rusiya-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun rəhbəri, Dövlət Dumasının deputatı Dmitri Savelyev:

-İlk növbədə rəsm və heykəltəraşlıq sərgisinin əla təşkilinə görə Heydər Əliyev Fonduna və şəxsən Fondun prezidenti Mehriban Əliyevaya çox dərin təşəkkürümü bildirmək istəyirəm. Bu sərginin əhəmiyyətini lazımınca qiymətləndirmək çətindir. Moskvanın çoxsaylı sakinlərinin və qonaqlarının bu əsərlərə tamaşa etməyə, mənəvi zövq almağa gəldiklərini görürük. Moskvada, eləcə də Rusiyanın digər regionlarında, iri şəhərlərdə belə tədbirləri tez-tez təşkil etmək lazımdır ki, rusiyalılar Azərbaycan mədəniyyəti ilə tanış ola bilsinlər.

SSRİ Xalq Artisti Tamara Sinyavskaya:

-Mən vəcdə gəlmişəm, heyran olmuşam. Sərgi çox xoşuma gəlir. Bu sərgi insanı mənəvi cəhətdən zənginləşdirir.

Dövlətlərarası Aviasiya Komitəsinin sədri Tatyana Anodina:

-Moskvada Azərbaycan rəssamlarının yaradıcılığı ilə yaxşı tanışdırlar. 1960-1980-ci illər Azərbaycan mədəniyyətinin çiçəkləndiyi dövrdür. Lakin Azərbaycanın müasir mədəniyyəti və incəsənəti də çox cəlbedicidir. Heydər Əliyev Fondunun və Mehriban Əliyevanın fəaliyyəti bütün dünyada çox yüksək qiymətləndirilir və mən maraqla bu sərgiyə baxmağa gəlmişəm. Fikrimcə, bu, Azərbaycan ilə Rusiya arasında münasibətlərin inkişafına daha bir mühüm töhfədir.

TASS agentliyi baş direktorunun birinci müavini Mixail Qusman:

-Bu gün Moskvada böyük bir hadisə baş verir, incəsənət pərəstişkarları üçün bayramdır. Çünki Tretyakov Qalereyasında XX əsr Azərbaycan rəssamlarının sərgisi açılır. Heydər Əliyev Fondu tərəfindən təşkil edilmiş sərgidə bizim ən istedadlı fırça ustalarının işləri toplanıb. Burada Tahir Salahovun da, Toğrul Nərimanbəyovun da, Fərhad Xəlilovun da əsərləri var. Bizə, bakılılara yaxşı tanış olan bu əsərlər moskvalıların çoxu üçün ilk dəfə sərgilənir. XX əsrin Azərbaycan rəssamları Sovet İttifaqının və müasir Azərbaycanın sənət xəzinəsinə bənzərsiz töhfələr veriblər. Buna görə də sərgiyə maraq çox böyükdür.

RF Prezidentinin beynəlxalq mədəni əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Mixail Şvıdkoy:

-XX əsrin ikinci yarısının Azərbaycan rəngkarlığı çox ciddi hadisədir. Aydındır ki, çoxları Tahir Salahovun adını çəkəcək, çünki o, Moskvada yaşayır. Lakin həmin dövrdə Azərbaycanda bir çox böyük sənətkarlar yaşayıb-yaradıblar. Sərginin tematik müxtəlifliyi heyrət doğurur. Burada həm müasir rəngkarlıq, həm sənaye peyzajı, həm heyrətamiz portretlər, həm də tarixi boyakarlıq nümunələri var. Çox əhəmiyyətlidir ki, Heydər Əliyev Fondu Azərbaycan incəsənətini xaricdə təbliğ edir. Çünki Azərbaycan – təkcə muğam deyil, təkcə xalçaçılıq deyil, eyni zamanda, heyrətamiz dərəcədə müasir və duyumlu, ənənələrlə əlaqəni üzməyən rəssamlar deməkdir. Zənnimcə, belə tədbirlər Paris və Nyu-York tamaşaçıları kimi, Moskva tamaşaçıları üçün də Azərbaycan mədəniyyətinin müxtəlifliyini üzə çıxarır. Mən Heydər Əliyev Fondunun və bu Fondun rəhbəri, xanım Mehriban Əliyevanın fəaliyyətini yüksək qiymətləndirirəm. Çünki bu gün sənin ölkənin, sənin xalqının necə yaşaması barədə dünyaya söhbət açmaq son dərəcə vacibdir. Belə tədbirlər müasir Azərbaycanın necə yaşadığını sözün həqiqi mənasında dünyaya bəyan edir.

MDB Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondunun icraçı direktoru Anatoli İksanov:

-Çox şadam ki, bu gün moskvalılar Azərbaycanın – bizim həmişə sevdiyimiz və qiymətləndirdiyimiz ölkənin rəssamlarının yaradıcılığı ilə tanış ola biləcəklər. Bizim kinematoqrafçılar, artistlər, şairlər arasında dostluq və peşəkar əlaqələr var. Mənə xüsusilə xoş gələn odur ki, Böyük Teatrın səhnəsində Azərbaycan müğənnilərinin səsləri eşidilir. Çingiz Abdullayev Rusiyada ən çox hörmət bəslənən və ən çox oxunan yazıçılardan biridir. Bugünkü sərgi bir daha sübut edir ki, bizim əlaqələrimiz kəsilmir, yalnız möhkəmlənir.

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Moskva 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.