MƏDƏNİYYƏT
Olqa Voykina: “Azərbaycan bölgələrinə səyahət edən turistlərin sayı artıb”
Moskva, 18 aprel, AZƏRTAC
Aprelin 18-də Moskvada Azərbaycanın turizm imkanlarının daha bir təqdimatı keçirilib. “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) təşkilatçılığı, “Silk Way Grup” və “Super Avia” şirkətlərinin dəstəyi ilə keçirilən tədbirdə Azərbaycanın gündən-günə artan turizm potensialı barədə ətraflı məlumat verilib.
AZAL-ın kommersiya və marketinq şöbəsinin müdiri Nazim Səmədov Azərbaycanda turizm sahəsinin inkişafına göstərilən diqqət və qayğıdan danışıb. O qeyd edib ki, son illər AZAL şirkəti Rusiyanın müxtəlif regionlarından Azərbaycana uçuşların sayını xeyli artırıb. AZAL–ın nümayəndəsi şirkətin marşrut şəbəkəsi, aviaparkı, Heydər Əliyev Beynəlxalq Aeroportu, Rusiya istiqamətində uçuşlarla bağlı yeniliklər və gələcək planlar barədə məlumat verib. İnteraktiv təqdimat çərçivəsində Rusiyanın aparıcı turizm operatorlarının nümayəndələrinə Azərbaycanın qədim tarixi abidələri, görməli yerləri, müasir turizm obyektləri, istirahət zonaları təqdim edilib. N.Səmədov qeyd edib ki, AZAL şirkətinin çoxillik iş təcrübəsi, müasir aviasiya parkı, texniki təchizatı, peşəkar heyəti və ən əsası, beynəlxalq keyfiyyət standartı və uçuşların təhlükəsizliyi sərnişinlərə yüksək səviyyəli xidmət göstərməyə imkan verir.
Görüşdə Heydər Əliyev Beynəlxalq Aeroportunda təhlükəsizliyin yüksək səviyyədə olmasından, sərnişinlər üçün yaradılmış rahat şəraitdən də söhbət açılıb. Bildirilib ki, burada sərnişinlərin rahatlığını təmin etmək üçün hər cür şərait yaradılıb - çox sayda kafe və restoranlar, biznes salonlar, interaktiv köşklər və uşaq meydançası fəaliyyət göstərir.
AZAL və “Silk Way Travel” şirkətlərinin Rusiyadakı nümayəndəsi “Super Avia” şirkətinin turizm üzrə direktoru Olqa Voykina Azərbaycanın Rusiya və MDB ölkələri turistlərinin ən çox maraq göstərdikləri istiqamətlərdən biri olduğunu bildirib: “Yay mövsümündə çimərlik istirahəti, qışda dağ-xizək turizmi və əlbəttə ki, unikal müalicə ocağı olan Naftalan Rusiya və MDB məkanından olan turistləri daha çox cəlb edir. Hazırda turistlər arasında “Həftə sonu” turları daha populyardır. Son vaxtlar isə Azərbaycan bölgələrinə səyahət etmək arzusunda olanların sayı xeyli artıb”. AZAL şirkətinin Rusiyanın bir çox regionlarından Bakıya, Gəncəyə və Qəbələyə uçuşlar həyata keçirdiyini deyən O.Voykina vurğulayıb ki, Azərbaycanda keçirilən irimiqyaslı beynəlxalq tədbirlər – “Eurovision” mahnı müsabiqəsi, Birinci Avropa Oyunları, “Formula-1” yürüşü və qarşıdan gələn İslam Həmrəyliyi Oyunları ölkəyə turistlərin cəlb olunmasında mühüm rol oynayıb.
“Silk Way Travel” şirkətinin rusiyalı turistlər üçün ən müxtəlif tematik səyahətlər, o cümlədən “Formula-1” yarışlarında iştirakı nəzərdə tutan xüsusi paketlər, ekoturizm və s. təqdim etdiyini deyən O.Voykina əlavə edib ki, Azərbaycana müalicə turları, həftə sonu və qastronomik turlar da təşkil olunur. O.Voykina Azərbaycanda fəaliyyət göstərən müasir otellər, qış turizmi üçün yaradılmış şərait barədə ətraflı məlumat verib.
Təqdimat mərasiminə gələnlərə “Baku” jurnalının nüsxələri, AZAL şirkəti barədə məlumatlar, Azərbaycanın turizm potensialını əks etdirən reklam məhsulları hədiyyə edilib.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva