MƏDƏNİYYƏT


Oman və Azərbaycan arasında ədəbi mübadilə genişləndiriləcək

A+ A

Bakı, 24 sentyabr, AZƏRTAC

Oman Sultanlığı Mədəniyyət Klubu ilə Azərbaycan Yazıçılar Birliyinin (AYB) Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzi arasında Əməkdaşlıq Memorandumu imzalanıb. Memorandumu Oman Sultanlığı Mədəniyyət Klubunun rəhbəri doktor Aişə əd-Dərməki və AYB-in Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin sədri Səlim Babullaoğlu imzalayıb.

S.Babullaoğlu AZƏRTAC-a bildirib ki, müvafiq sənəd hər iki xalqın klassik və müasir ədəbiyyat nümunələrinin qarşı tərəfin dilinə tərcüməsini, xüsusi buraxılış, kitab və ya antologiya şəklində nəşrini, nəzərdə tutulan işlərin həyata keçirilməsi üçün resursların axtarılması işində koordinasiyanı, ümumiyyətlə, ədəbi proseslərin uzlaşdırılmasını, peşəkar mübadilənin mütəmadi xarakter almasını, səfərlərin, görüşlərin, mühazirələrin təşkilini nəzərdə tutur. Əməkdaşlığın əhəmiyyətli olacağını vurğulayan S.Babullaoğlu deyib: “Biz artıq mərkəzin nəşri olan “Dünya ədəbiyyatı” jurnalının “Oman ədəbiyyatı” xüsusi nömrəsini hazırlayırıq. Ümumiyyətlə, zəngin ərəb ədəbiyyatının bir hissəsi olan Oman ədəbiyyatını bir-iki ədəbi imza ilə tanıyırıq. Tanıyanlar isə yəqin ki, mütəxəssislərdir. Ona görə də biz ilk növbədə Oman ədəbiyyatını ilk dəfə və əsaslı olaraq tanıtmağa qərar vermişik.

İlk layihəmizdə XIX və XX əsr, xüsusən XX əsr Oman ədəbiyyatının 60-dan artıq ədibinin - Əbu Sufi Səid əl-Omani, Əllamə Məhəmməd əl-Məuli, Raşid əl-Həbsi, Əl-Qeysəri kimi klassiklərindən başlayaraq onların roman, hekayə, esse, şeir və ədəbiyyatşünaslıq məqalələrini tərcümə və təqdim etməyi qərara almışıq.

Bu prosesə müxtəlif nəsilləri təmsil edən alimlərimiz, tərcüməçilərimiz – professor İmamverdi Həmidov, Aytəkin Qocayeva, Rəşad Həsənov, Mahir Həmidov, İsmayıl Hüseynov cəlb olunublar. Tərcümələr artıq başa çatıb. “Dünya ədəbiyyatı” jurnalının “Oman ədəbiyyatı” xüsusi nömrəsinin hazırlanmasında yaxından əməkdaşlığa və dəstəyinə görə Oman Sultanlığı Mədəniyyət Klubunun rəhbərliyinə dərin təşəkkürümü bildirirəm”.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.