CƏMİYYƏT
Ombudsman Aparatında “Zorakılıqdan azad qadınlar” parlament şəbəkəsinin nümayəndələri ilə görüş olub
Bakı, 1 oktyabr, AZƏRTAC
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanova AŞPA-nın “Zorakılıqdan azad qadınlar” parlament şəbəkəsinin nümayəndələri - Qizela Vurm, Silviya Bonet, İsmeta Dervoz, Monika Koçaqi, Elis Kornu, Jeraldin Qrenet ilə görüşüb. Nümayəndə heyətini Milli Məclisin deputatı, Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü, qurumun qadınlara qarşı zorakılıqla mübarizə üzrə baş məruzəçisi və “Zorakılıqdan azad qadın” parlament şəbəkəsi üzrə siyasi əlaqələndiricisi Sahibə Qafarova müşayiət edib.
Ombudsman Aparatından AZƏRTAC-a verilən məlumata görə, E.Süleymanova təsisatın qadın hüquqlarının müdafiəsi, ölkənin ayrı-ayrı bölgələrində əhali arasında bu sahədə məlumatlandırma istiqamətində görülən işlər, Azərbaycan Qadın və İnkişaf Mərkəzinin fəaliyyətində qadınlara qarşı zorakılığın qarşısının alınması üçün atılan addımlar barədə məlumat verib.
Müvəkkil reproduktiv sağlamlıq və ailə planlanlaşdırılmasının böyük önəm daşıdığını qeyd edib, regionlarda reproduktiv sağlamlıq və ailə planlaşdırması üzrə icma əsaslı xidmətlərin yaradılmasının, bu istiqamətdə könüllülərlə iş birliyinə önəm verilməsinin vacibliyini vurğulayıb.
Cəmiyyət inkişaf etdikcə qadınların fəallığının daha da artdığını deyən Ombudsman bu gün Azərbaycan qadınlarının parlamentdə, dövlət və yerli özünüidarəetmə orqanlarında çalışdığını, idarəetmədə və qərar qəbuletmədə fəal iştirak etdiklərini diqqətə çatdırıb. “Ölkəmizdə yerli özünüidarəetmə orqanlarına seçilmiş namizədlərin 35 faizini qadınlar təşkil edir, bu göstərici əvvəlki seçkilərə nisbətən xeyli yüksəkdir”, - deyə o, əlavə edib.
Ombudsman 2016-cı ilin Azərbaycanda “Multikulturalizm ili” elan olunduğunu, ölkəmizin bu sahədə dünyaya nümunə göstərdiyini qonaqların diqqətinə çatdırıb.
Görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.