SİYASƏT
Ombudsman Aparatının əməkdaşı ENOC-un tədbirində iştirak edib
Bakı, 3 iyul, AZƏRTAC
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) təsisatı 2008-ci ildən Avropanın Uşaq Hüquqları Ombudsmanları Şəbəkəsinin (ENOC) üzvüdür. Ombudsman təsisatı həmin təşkilatla sıx əməkdaşlıq edərək, hər il uşaq hüquqlarının təmini və təbliği ilə bağlı keçirilən illik konfranslarda, beynəlxalq tədbirlərdə, onlayn müzakirələrdə, o cümlədən uşaqların iştirakçılığı ilə həyata keçirilən layihələrdə iştirak edir. Bu il də Azərbaycan Ombudsman təsisatı müvəkkil Elmira Süleymanovanın təşəbbüsü ilə ENOC tərəfindən həyata keçirilən Avropa Gənc Məsləhətçilər Şəbəkəsi (ENYA) layihəsinə qatılaraq orada fəal təmsil olunub.
Bu barədə AZƏRTAC-a Ombudsman Aparatının mətbuat xidmətindən bildiriblər.
Tədbirin məqsədi ENOC-a üzv seçilən yalnız 11 təsisatın, o cümlədən Azərbaycan Ombudsman təsisatının iştirak etdiyi “Hörmət, məlumat və fikrə aparan yol - gənclərin identikliyinin və münasibətlərinin araşdırılması və onların səlahiyyətləndirilməsi” layihəsinin icrası ilə bağlı görülən işlərin təqdimatı, təcrübə mübadiləsi və uşaqların mövzu üzrə təkliflərinin onların iştirakı ilə müzakirəsindən ibarət olub.
Müvəkkilin uşaq hüquqları üzrə ixtisaslaşan müşaviri N.Ağayeva layihənin həyata keçirilməsi ilə bağlı müzakirələrdə iştirak edərək, Azərbaycan Ombudsman təsisatının uşaq hüquqlarının müdafiəsi sahəsində çoxsaylı fəaliyyəti və prioritetlərini qeyd edib, layihənin davam etdirilməsi ilə bağlı müvəkkilin təkliflərini iştirakçıların diqqətinə çatdırıb.
A.Xələfli və M.Sücəddinov layihə çərçivəsində ölkədə həyata keçirilən fəaliyyət, uşaqların və gənclərin identikliyi, kimliyi, şəxsiyyətinə, şəxsi həyatına hörmət, onların ətrafdakılarla sağlam münasibətlərinin olması, fikirlərinin nəzərə alınması, valideynlərin, təhsilverənlərin, həmyaşıdların və digər şəxslərin rolu, texnologiyanın bu münasibətlərə təsiri ilə bağlı Azərbaycan uşaqlarının fikirləri və təklifləri haqqında məlumat veriblər.
Layihə iştirakçılarının Elmira Süleymanova ilə görüşərək, uşaqların müdafiəsində Ombudsmanın rolu barəsində verilən məlumatlardan bəhrələndikləri, bununla yanaşı, uşaqların təhsil aldıqları ümumtəhsil məktəblərdə həmyaşıdları arasında mövzu üzrə sorğular, habelə uşaqların daha çox iştirakçılığını təmin etmək məqsədilə Azərbaycan Uşaq və Gənclərinin Sülh Şəbəkəsinin (AUGSŞ) Liderlik Məktəbinin digər üzvləri üçün layihənin təqdimatının keçirildiyi, orada səsləndirilən təkliflərin də nəzərə alındığı iştirakçıların diqqətinə çatdırılıb.
Yekun təqdimatda Azərbaycanı təmsil edən gənc nümayəndələr 2017-ci il üzrə həyata keçirilən ENYA layihəsi üçün uşaqlar tərəfindən hazırlanan “Gəlin, uşaqlara dəyər verək, hörmət edək, inanaq, onları dinləyək və sadəcə hiss edək!” şüarını tədbirdə səsləndirib və bu iştirakçıların marağına səbəb olub.
Bildirilib ki, uşaqlar tərəfindən hazırlanan təkliflər cari ilin sentyabrında ENOC-un 21-ci illik konfransında qəbul ediləcək bəyanatda nəzərə alınacaq.
AUGSŞ-nin üzvləri ENOC tərəfindən 2010-cu ildən etibarən müvəkkilin təşəbbüsü ilə həyata keçirilən ENYA layihəsinə qatılaraq, Fransada (Strasburq), Şimali İrlandiyada (Belfast), Polşada (Varşava), Şotlandiyada (Edinburq), Yunanıstanda (Afina) keçirilən tədbirlərdə, onlayn müzakirələrdə fəal iştirak edib, müxtəlif ölkələrin ombudsmanları, Avropa Şurasının insan hüquqları üzrə müvəkkili ilə görüşüb, Avropa Şurasında təqdimatlar ediblər. Həmçinin ENOC-a üzv seçilən yalnız 11 təsisatın, o cümlədən Azərbaycan Ombudsman təsisatının iştirak etdiyi “Danışın, gənclər, zorakılığa qarşı danışın” layihəsində təmsil olunmaqla, hər bir iştirakçı ölkədə beş dəqiqəlik film çəkilərək, on bir iştirakçı ölkə üzrə hazırlanan filmlər bir araya gətirilib. Nəticədə 55 dəqiqəlik sənədli film təqdim edilərək ENOC-un rəsmi saytında yerləşdirilib.