CƏMİYYƏT
Ombudsman Aparatının əməkdaşları Almaniyada təcrübə və fikir mübadiləsi aparıblar
Bakı, 20 iyul, AZƏRTAC
Azərbaycan Respublikası İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının rəhbəri Aydın Səfixanlı və bir qrup əməkdaşı Almaniya və Polşadan olan tərəfdaşların iştirakı ilə həyata keçirilən Tvinninq layihəsinin üçüncü “İnformasiya əldə etmək haqqında” Qanunun icra edilməsi ilə bağlı Ombudsman təsisatının potensialının gücləndirilməsinə dair komponenti çərçivəsində Almaniyada təcrübə mübadiləsi aparıb.
Ombudsman Aparatından AZƏRTAC-a bildiriblər ki, səfər çərçivəsində məlumatın mühafizəsi və informasiya azadlığı üzrə Almaniya Federal Ombudsmanının Ofisində, Daxili İşlər Nazirliyində, Xarici İşlər Nazirliyində, Almaniya İnzibati Məhkəməsində, məlumatın mühafizəsi və informasiya azadlığı üzrə Berlin Ombudsmanının Ofisində, Saksoniya Məlumat Mühafizəsi Müvəkkili Ofisində görüşlər keçirilib.
Keçirilən görüşlərdə müvafiq təsisatların məlumat mühafizəsi, informasiya azadlığının təmini sahəsində həyata keçirdikləri fəaliyyət, qəbul edilən müraciətlər, bu istiqamətdə görülən işlər, müsbət iş təcrübəsi müzakirə olunub.
Azərbaycanda insan hüquq və azadlıqlarının müdafiəsi sahəsində həyata keçirilən islahatlar, bu istiqamətdə Ombudsman Elmira Süleymanovanın çoxşaxəli fəaliyyəti, dövlət qurumları, məhkəmələr, QHT-lərlə əməkdaşlıq, o cümlədən “İnformasiya əldə etmək haqqında” Qanunun icrasına nəzarət funksiyasının həyata keçirilməsi ilə bağlı səlahiyyətləri çərçivəsində görülən işlər barədə məlumat verilib, tərəflər bununla bağlı toplanmış təcrübəni bölüşüblər.
Görüş zamanı Ermənistanın Azərbaycana 25 ildən çoxdur davam edən hərbi təcavüzü, əsir və girovların hələ də qaytarılmadığı, Azərbaycanın işğal altında olan Kəlbəcər rayonunda yaxınlarının məzarlarını ziyarət etmək üçün doğma yurdlarına getdikləri zaman Ermənistan silahlı qüvvələri tərəfindən Dilqəm Əsgərov və Şahbaz Quliyevin girov götürüldüyü, qanunsuz “məhkəmə” tərəfindən məhkum edildiyi, Həsən Həsənov isə güllələnərək öldürüldüyü diqqətə çatdırılıb. Bildirilib ki, həmin hadisədən üç il keçməsinə baxmayaraq girovların qaytarılmayıb, dünya ictimaiyyəti bu qeyri-hüquqi, qeyri-insani hadisəyə hələ də biganə yanaşır. Habelə bu ayın əvvəlində Azərbaycanın Füzuli rayonunun Alxanlı kəndi erməni silahlı birləşmələri tərəfindən atəşə tutulub, nəticədə 2 yaşlı Zəhra Quliyeva və nənəsi Sahibə Allahverdiyeva qətlə yetirilib. Azərbaycan Ombudsmanın bu hadisə ilə bağlı qəbul etdiyi bəyanat Almaniya Federativ Respublikasının müvafiq dövlət rəsmilərinə və hakimlərinə təqdim edilib.
Səfər çərçivəsində Aparatın əməkdaşları ölkəmizin Almaniyadakı səfirliyində də olub, səfir Ramin Həsənovla görüşüb, həyata keçirilən Tvinninq layihəsi barəsində ətraflı məlumat verilib, faydalı fikir mübadiləsi aparılıb.
Səfər qarşılıqlı əməkdaşlıq, müzakirələr və təcrübə mübadiləsi baxımından səmərəli olub.