CƏMİYYƏT


Ombudsman BMT-nin İnsan Hüquqları Şurasının 33-cü sessiyasında iştirak edib

A+ A

Bakı, 15 sentyabr, AZƏRTAC

Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili Elmira Süleymanova sentyabrın 13-14-də Cenevrədə BMT-nin İnsan Hüquqları Şurasının 33-cü sessiyasında iştirak edib. Bu barədə AZƏRTAC-a Ombudsman Aparatının mətbuat xidmətindən məlumat verilib.

Beynəlxalq Koordinasiya Komitəsinin ən yüksək “A” statusuna malik olan Azərbaycan Ombudsman təsisatı mütəmadi şəkildə bu Şuranın sessiyalarında fəal təmsil olunur, sessiyanın gündəliyinə uyğun olaraq Şuraya həm yazılı, həm də şifahi bəyanatlar təqdim edir.

Şuranın budəfəki sessiyasına da gündəliyə uyğun olaraq müvəkkilin insan hüquqları sahəsində təhsil və inkişaf hüququ ilə bağlı iki yazılı bəyanatı təqdim edilərək qeydiyyatdan keçirilib və həmin bəyanatlar iclas zamanı iştirakçı ölkələr arasında paylanıb.

Bəyanatlarda müvəkkilin təşəbbüsü ilə Bakı Dövlət Universitetində “İnsan hüquqları” və “Genderə giriş” fənləri, həmçinin Təhsil Nazirliyi ilə əməkdaşlıqda orta ümumtəhsil məktəblərində həyata keçirilən uşaq hüquqları üzrə pilləli tədris proqramı çərçivəsində şagirdlərə uşaq hüquqları tədris edilməsi, Avropa Uşaq Hüquqları Ombudsmanları Şəbəkəsi tərəfindən həyata keçirilən Avropa Gənc Məsləhətçilər Şəbəkəsi layihəsinin həyata keçirilməsi, əhalinin müxtəlif qruplarının hüquqlarının təmin olunmasına, onların inkişafına və sosial rifah halının yüksəldilməsinə yönəlmiş strateji hədəfləri müəyyən edən və “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyası, Azərbaycan gəncliyinin inkişafı, dünyaya inteqrasiyası məsələlərinin tənzimlənməsi, gənclər, bədən tərbiyəsi və idman siyasətini tənzimləyən hüquqi bazanın təkmilləşdirilməsi məqsədilə ölkəmizdə “2015-2025-ci illərdə Azərbaycan Gənclərinin İnkişaf Strategiyası” barədə məlumatlar yer alıb.

Müvəkkil səfər çərçivəsində BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığının Amerika, Avropa və Mərkəzi Asiya üzrə şöbəsinin rəhbəri, İnsan Hüquqları üzrə Ali Komissarlığın milli institutlar və regional mexanizmlər bölməsinin rəhbəri, milli insan hüquqları institutlarının qlobal alyansının Cenevrə üzrə təmsilçisi və digər rəsmilər ilə səmərəli görüşlər keçirib.

Həmin görüşlərdə müvəkkil Azərbaycan Ombudsman təsisatının BMT ilə yaxın əməkdaşlıq əlaqələrindən söz açıb, təsisatın Milli İnsan Hüquqları İnstitutlarının Qlobal Alyansının üzvü olaraq bu qurumun işindəki fəaliyyəti barədə məlumat verib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.