CƏMİYYƏT
Ombudsman İnstitutu və UNİCEF-in Azərbaycandakı nümayəndəliyi uşaq hüquqlarının müdafiəsi sahəsində uğurla əməkdaşlıq edir
Bakı, 18 sentyabr (AZƏRTAC). Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili (Ombudsman) Elmira Süleymanova UNİCEF-in ölkəmizdəki nümayəndəliyinin rəhbəri Mark Herevard, qurumun Serbiyada yeni təyin olunmuş nümayəndəsi Mişel Saint-Lot və Azərbaycanda uşaq hüquqlarının müdafiəsi proqramının yeni rəhbəri Ramiz Behbudovla görüşmüşdür.
Ombudsman Aparatından AZƏRTAC-a bildirmişlər ki, müvəkkil uşaq hüquqlarının müdafiəsi sahəsində müvafiq dövlət qurumları, QHT-lər və beynəlxalq təşkilatlar, o cümlədən UNİCEF ilə sıx əlaqələrin yaradıldığını bildirmişdir.
2013-cü ildə Ombudsman Aparatı ilə UNİCEF-in birgə fəaliyyətinə dair iş planına əsasən uşaq hüquqları üzrə müstəqil monitorinq mexanizminin təşviq olunduğu, bununla bağlı müvəkkilin illik məruzəsində təkliflərin verildiyi, uşaqlara qarşı zorakılığa dair yönləndirmə və monitorinq sistemi üzrə dövlət müəssisələrində araşdırmaların yekunlaşdırıldığı və UNİCEF-ə təqdim edildiyi vurğulanmışdır. Azərbaycanın müxtəlif şəhər və rayonlarında yerləşən Uşaq Yaradıcılıq mərkəzlərində təlimlərin keçirildiyi və bu işin davam etdiriləcəyi bildirilmişdir.
E.Süleymanova uşaq hüquqları üzrə ilk ixtisaslaşmış məruzəsinin hazırlandığını və müxtəlif qurumlara, o cümlədən BMT-nin Uşaq Hüquqları Komitəsinə təqdim olunduğunu bildirmiş, respublikanın ümumtəhsil məktəblərində Təhsil Nazirliyinin dəstəyi ilə uğurla həyata keçirilən uşaq hüquqları üzrə pilləli tədris layihəsi və müvəkkilin uşaq hüquqları üzrə resurs mərkəzi olan Azərbaycan Uşaq və Gənclərin Sülh Şəbəkəsinin fəaliyyəti barədə danışmışdır.
M.Herevard müvəkkilin insan hüquqları, o cümlədən uşaq hüquqları sahəsində səmərəli fəaliyyətini yüksək dəyərləndirmiş, təmsil etdiyi qurumun növbəti illərdə də Ombudsman təsisatı ilə əməkdaşlığının davamlı olacağını bildirmişdir.
Uşaq hüquqları sahəsində maarifləndirmə işinin davam etdirilməsinin zəruriliyini vurğulayan müvəkkil bu məqsədlə müxtəlif maarifləndirici nəşrlərin hazırlanmasına dəstək verilməsini təklif etmişdir.
Mişel Saint-Lot gələcək fəaliyyətində Ombudsman Aparatının uşaq hüquqları sahəsində müsbət təcrübəsindən, xüsusilə uşaq hüquqları üzrə pilləli tədris layihəsi, müvəkkilin uşaq hüquqları üzrə resurs mərkəzinin fəaliyyətindən faydalanacağını bildirmişdir.
Görüşdə uşaqların hüquqlarının müdafiəsi ilə bağlı birgə əməkdaşlığın bundan sonra da uğurla davam etdiriləcəyi vurğulanmışlar.
Qonaqlara Ombudsman təsisatında uşaq hüquqları üzrə hazırlanmış nəşrlər təqdim olunmuşdur.