CƏMİYYƏT


Ombudsman Polis Akademiyasında mühazirə oxuyub

Bakı, 20 aprel, AZƏRTAC

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanova fəaliyyətinin ilk illərindən əhalinin müxtəlif qrupları ilə yanaşı, onlarla çalışan şəxslərin də hüquqi maarifləndirilməsi işinə diqqət yetirir.

Ombudsman Aparatından AZƏRTAC-a bildiriblər ki, bu istiqamətdə hüquq mühafizə orqanları üçün kadr hazırlığını həyata keçirən tədris müəssisələri, o cümlədən Daxili İşlər Nazirliyinin Polis Akademiyası ilə də səmərəli əməkdaşlıq əlaqələri davam etdirilir.

Qarşılıqlı əməkdaşlıq çərçivəsində Polis Akademiyasının daxili işlər orqanlarında idarəetmənin təşkili fakültəsində təhsil alan ali hüquq təhsilli dinləyicilər üçün “İnsan hüquqlarının müdafiə mexanizmləri” mövzusunda tədris olunmuş mühazirə, iştirakçıların nəzəri biliklərinin təcrübə ilə əlaqələndirilməsi məqsədini daşıyıb.

Ombudsman Aparatının şöbə müdiri, Milli Preventiv Qrupun rəhbəri Rəşid Rumzadə tərəfindən tədris edilmiş mühazirədə insan hüquqlarının milli və beynəlxalq müdafiə mexanizmləri, bu sahədə beynəlxalq qanunvericilik aktlarının implementasiyası məsələləri və tətbiqi əsasları haqqında fikirlərini bölüşüb, təcrübədə mövcud olan çətinliklər və qarşıda duran işlər barədə iştirakçılara ətraflı məlumat verib.

Müvəkkilin nümayəndəsi tərəfindən ombudsmanın təşəbbüsləri, təklifləri nəzərə alınmaqla Azərbaycan Respublikasının milli qanunvericiliyində həyata keçirilən islahatlar, insan hüquqlarının müdafiəsi və İşgəncələr əleyhinə Milli Preventiv Mexanizm qismində fəaliyyəti, ölkədə şəxslərin öz iradəsi ilə tərk edə bilmədiyi müəssisələrə müntəzəm keçirilən başçəkmələr, daxili işlər orqanlarına gətirilmiş, habelə müvəqqəti saxlama yerlərində saxlanılan şəxslərin hüquqlarının təmini, saxlama şəraiti və rəftar məsələləri, habelə verilmiş tövsiyələr və onların icrası vəziyyəti ilə bağlı məlumatlar dinləyicilərin diqqətinə çatdırılıb.

Həmçinin Azərbaycan Prezidenti İlham Əliyevin fevralın 10-da imzaladığı Sərəncamın insan hüquqlarının effektiv təmini baxımından həyata keçirilən islahatlar prosesində yeni mərhələ olduğu vurğulanıb, sənədin şəxsiyyətin toxunulmazlığı hüququnun təmin edilməsi, cinayət törətmiş, hüquq pozuntusuna yol vermiş şəxslərin də azadlıq hüququ ilə bağlı məhdudiyyətlərin tətbiq edilməsinin qarşısının alınması, bu istiqamətdə cinayət təqibi və cəza icra siyasətinin humanistləşdirilməsi, şəxsin cəmiyyətdən təcrid edilməsi təcrübəsindən getdikcə imtina olunması sahəsində mövcud təcrübə və çətinliklərlə bağlı müddəaları əsas müzakirə mövzularından olmaqla, canlı diskussiya şəraitində təbliğ edilib.

Mühazirədə İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında Konstitusiya Qanununun müddəaları tədris olunub, dinləyiciləri maraqlandıran çoxsaylı suallar ətraflı cavablandırılıb.

Qeyd olunmalıdır ki, Ombudsmanın fəaliyyəti çərçivəsində dövlət qulluqçularının yenidən ixtisaslaşmasını həyata keçirən Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında, hüquq mühafizə orqanları üçün kadr hazırlığını həyata keçirən Polis Akademiyası, Ədliyyə Akademiyası, hərbi sahədə kadr hazırlayan təhsil müəssisələrində, həmin tədris müəssisələrinin proqramına, o cümlədən müvəkkilin tədbirlər planına salınmaqla müdavimlərə, ixtisasartırma məqsədilə cəlb olunmuş şəxslərə, hakimlərə, ədliyyə sisteminə və prokurorluğa qulluğa qəbul olunmuş şəxslərə, dövlət qurumlarının əməkdaşlarına ünvanlanan ardıcıl treninq-seminarlar təşkil olunur ki, bu da özlüyündə insan hüquqlarının etibarlı müdafiəsi və təbliğinə xidmət edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.