CƏMİYYƏT
Ombudsman kəlbəcərli girovların ailə üzvləri ilə görüşüb
Bakı, 1 aprel, AZƏRTAC
Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili Elmira Süleymanova Kəlbəcər rayonu ərazisində erməni hərbçiləri tərəfindən girov götürülmüş azərbaycanlı mülki şəxslər Dilqəm Əsgərovun və Şahbaz Quliyevin ailə üzvləri ilə görüşüb.
Görüşdə müvəkkil 1993-cü il aprelin 2-də strateji əhəmiyyətli, təbii sərvətlərlə zəngin olan Kəlbəcər rayonunun erməni silahlı birləşmələri tərəfindən zəbt olunmasının bədnam qonşumuzun Azərbaycana qarşı yürütdüyü işğalçılıq siyasətinin tərkib hissəsi olduğunu söyləyib. O, Kəlbəcərin süqutunun Ermənistanın sonrakı işğalçılıq planlarının həyata keçirilməsinə şərait yaratdığını vurğulayıb.
Ombudsman 22 ildən bəri məcburi köçkünlük həyatı yaşamalarına baxmayaraq, işğal olunmuş digər ərazilərimizin əhalisi kimi kəlbəcərlilərin də qürurlarını hər zaman qoruyub saxladıqlarını söyləyib, əzəli yurd yerlərimizin düşmən tapdağından azad ediləcəyini, doğma torpaqlara qayıdacaqları günü ümidlə gözlədiklərini və yurdun müdafiəsinə hazır olduqlarını bildirib.
E.Süleymanova ötən ilin iyulunda valideynlərinin məzarlarını ziyarət etmək məqsədilə doğma yurd yerlərinə gedərkən girov götürülmüş D.Əsgərov və Ş.Quliyevin məsələsini ilk vaxtlardan diqqətdə saxladığını bildirib, onların girovluqda olduqları müddətdə işgəncə və ya insan ləyaqətini alçaldan rəftar və ya cəzaya məruz qalmamaları, onlarla beynəlxalq hüquqi normalarına uyğun davranışın təmin edilməsində yardımçı olmaq üçün Beynəlxalq Qızıl Xaç Komitəsinin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Denis Durana müraciət etdiyini vurğulayıb. Cavab məktubunda komitənin Xankəndidəki ofisi nümayəndələrinin azərbaycanlı girovlara saxlanıldıqları yerdə vaxtaşırı baş çəkdiyi, onların vəziyyətinin monitorinqinin davam etdiriləcəyi bildirilib.
Söhbət zamanı ombudsman bu ilin martında Cenevrədə BMT-nin mötəbər toplantılarında iştirak etdiyi günlərdə Beynəlxalq Qızıl Xaç Komitəsinin Cenevrədəki baş iqamətgahında qabaqcadan razılaşdırılmış vaxtda bu qurumun vitse-prezidenti Kristina Börli ilə görüşdüyünü söyləyib. O, girov götürülmüş D.Əsgərov və Ş.Quliyevin beynəlxalq hüquqa zidd, əsassız mühakimə edilməsinin, həmçinin onlara işgəncə verilməsinin ölkəmizdə böyük narahatlıq doğurduğunu və beynəlxalq ictimaiyyət tərəfindən narazılıqla qarşılandığını söylədiyini qeyd edib.
Müvəkkil girovların Beynəlxalq Qızıl Xaç Komitəsinin mandatı çərçivəsində, mümkün qədər qısa müddət ərzində Azərbaycan tərəfinə qaytarılmasında və girovluqda olduqları müddətdə onların saxlanma şəraitinin, habelə onlara qarşı rəftarın müntəzəm olaraq nəzarətdə saxlanılmasında yardımçı olmasını xahiş etdiyini diqqətə çatdırıb. Komitənin beynəlxalq normalara riayət etməklə azərbaycanlı girovların insan hüquqlarının təmin edilməsi, onlara başçəkmələrin davam etdirilməsi və ailələrinə müntəzəm məlumat verilməsində kömək göstərməsinin zəruriliyi vurğulanıb.
Girovların ailə üzvləri D.Əsgərov və Ş.Quliyevin beynəlxalq hüquqa zidd, əsassız mühakimə edilməsinin yolverilməzliyini qeyd edərək, bu məsələyə obyektiv, qərəzsiz baxılması üçün Avropa İnsan Hüquqları Məhkəməsinə müraciət etdiklərini bildirib, bununla bağlı ombudsmanın dəstək verməsini xahiş ediblər.