SİYASƏT
Ombudsman təsisatı ilə BMT QAK arasında Anlaşma Memorandumu imzalanıb
Bakı, 13 fevral, AZƏRTAC
Fevralın 13-də Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Elmira Süleymanova BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının (BMT QAK) Azərbaycandakı nümayəndəliyinin rəhbəri Furio De Angelis ilə görüşüb.
Ombudsman Aparatının mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, görüşdə Ombudsman təsisatı ilə BMT QAK arasında 2017-ci ilin sonunadək əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.
Memorandumun məqsədi “Didərginlik situasiyalarında qadınların səlahiyyətləndirilməsi” layihəsinin davam etdirilməsi vasitəsilə Azərbaycanda gender bərabərliyinin və qadınların səlahiyyətləndirilməsinin təşviqinə yönələn əlaqəli səylərə dəstək verməkdir. Sənəddə bir sıra yeni fəaliyyət istiqamətləri də müəyyənləşdirilib.
Görüşdə Müvəkkil BMT QAK ilə Ombudsman təsisatı arasında qaçqın və məcburi köçkünlərin hüquqlarının müdafiəsi istiqamətində qurulan sıx əməkdaşlıq əlaqələrindən bəhs edilib, qanunvericilik bazası və görülən tədbirlər haqqında geniş məlumat verilib.
Furio De Angelis BMT QAK-ın fəaliyyətinin yeni prioritetləri, həyata keçirilən layihələr haqqında danışıb, həmçinin təmsil etdiyi təşkilat ilə Ombudsman təsisatı arasında əməkdaşlığı və bu illər ərzində əldə olunan uğurları müsbət qiymətləndirib.
Sonda qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.