CƏMİYYƏT
Ombudsman təsisatı ilə BMT QAK arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb
Bakı, 24 avqust, AZƏRTAC
Ombudsman təsisatı və BMT QAK arasında 2016-cı ilin sonunadək əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb. Memorandumun məqsədi “Didərginlik situasiyalarında qadınların səlahiyyətləndirilməsi” layihəsinin həyata keçirilməsi vasitəsilə Azərbaycanda gender bərabərliyinin və qadınların səlahiyyətləndirilməsinin təşviqinə yönələn əlaqəli səylərə dəstək verməkdir.
Ombudsman Aparatından AZƏRTAC-a bildiriblər ki, Memorandum Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə müvəkkili Elmira Süleymanovanın BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının (BMT QAK) Azərbaycandakı nümayəndəliyinin yeni təyin olunmuş rəhbəri Furio De Angelis ilə görüşü çərçivəsində imzalanıb.
Görüşdə Furio De Angelisi yeni təyinatı münasibətilə təbrik edən müvəkkil BMT QAK ilə Ombudsman təsisatı arasında qaçqın və məcburi köçkünlərin hüquqlarının müdafiəsi istiqamətində qurulan sıx əməkdaşlıq əlaqələrindən, bu sahədə Ombudsman təsisatının fəaliyyətindən söhbət açıb, qanunvericilik bazası və görülən tədbirlər haqqında geniş məlumat verib.
E.Süleymanova qeyd edib ki, ölkənin sürətli iqtisadi inkişafı nəticəsində qaçqın, məcburi köçkün düşərgələri ləğv edilib, yeni qəsəbələr salınıb. Müvəkkil mütəmadi olaraq bu qəsəbələrdə məskunlaşan əhali arasında maarifləndirmə tədbirləri keçirildiyini diqqətə çatdırıb.
Müvəkkil qaçqın və məcburi köçkünlərlə bağlı məlumat bazasının yaradıldığını, lakin həmin bazanın daha da təkmilləşdirilməsinin zəruriliyini deyib.
Ombudsman qadınların bacarıqlarının artırılmasının, onların lider kimi formalaşdırılmasının vacibliyini qeyd edib, qadınlar üçün bu istiqamətdə təlimlərin təşkil edilməsini, həmçinin icmalarda lider qadınlardan ibarət qrupların yaradılmasını təklif edib.
Müvəkkil maarifləndirmə tədbirlərinin səmərəliliyini daha da artırmaq üçün çoxsaylı müvafiq nəşrlərin hazırlanmasının və çap edilməsinin vacibliyini diqqətə çatdırıb.
Furio De Angelis Ombudsman təsisatı ilə əməkdaşlığa çox dəyər verdiklərini söyləyib. O, qaçqın və məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması istiqamətində Azərbaycan dövlətinin gördüyü işləri yüksək qiymətləndirib və bu sahədə ölkəmizin dünyada nümunəvi dövlət olduğunu bildirib.
Qonaq BMT QAK-ın fəaliyyətinin yeni prioritetləri, həyata keçirilən layihələr, təşkilat tərəfindən ölkədə bu sahədə vəziyyətin öyrənilməsi məqsədilə ildə iki dəfə hazırlanan hesabatlar haqqında geniş məlumat verib.