CƏMİYYƏT
Ombudsman təsisatı ilə BMT-nin Ali Komissarlığı arasında əməkdaşlıq istiqamətləri müzakirə edilib
Bakı, 13 fevral, AZƏRTAC
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Elmira Süleymanova BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığının Cənubi Qafqazdakı ofisinin insan hüquqları üzrə baş müşaviri Vladimir Şkolnikov ilə görüşüb.
Ombudsman Aparatının mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Ali Komissarlığın Azərbaycan nümayəndəliyinin rəhbəri Kamran Bağırovun da iştirak etdiyi görüşün məqsədi cari ildə hər iki qurum arasında prioritet əməkdaşlıq istiqamətlərinin müzakirəsi olub. Ombudsman BMT-nin müxtəlif sahələr üzrə ixtisaslaşmış mühüm qurumları, o cümlədən İnsan Hüquqları üzrə Ali Komissarlığı, onun regional ofisi ilə də səmərəli əməkdaşlıq əlaqələrinin qarşılıqlı anlaşma şəraitində davam etdirildiyini bildirib.
E.Süleymanova BMT QAK-ın və UNICEF-in ölkəmizdəki müvafiq nümayəndəliklərinin rəhbərləri ilə birgə Füzuli, Gəncə, Goranboy, Göygöl və Bakıda məcburi köçkün ailələri üçün salınmış yeni qəsəbələrdə inşa edilmiş orta məktəblərin şagird və müəllimləri üçün BMT-nin Uşaq Hüquqları Konvensiyası üzrə silsilə maarifləndirici təlimlərin keçirildiyini diqqətə çatdırıb. Qeyd olunub ki, gələn il Azərbaycan BMT-nin Universal Dövri İcmal, BMT-nin İqtisadi, Sosial və Mədəni hüquqlar haqqında Beynəlxalq Pakt, Uşaq Hüquqları Konvensiyası və “Bütün əməkçi miqrantların və onların ailə üzvlərinin hüquqlarının qorunması haqqında” Konvensiya üzrə müvafiq saziş qurumlarına hesabatını təqdim edəcək.
Dayanıqlı İnkişaf Məqsədləri (DİM) üzrə prioritetlərin artıq müəyyən edildiyi və onların icrası istiqamətində işlərin aparıldığı, həmçinin Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının yaradılmasının BMT-nin Baş katibi, o cümlədən bir sıra beynəlxalq qurumlar tərəfindən müsbət qiymətləndirildiyi və sözügedən Şuranın görüşlərində Ombudsman təsisatının da fəal iştirak etdiyi diqqətə çatdırılıb.
Sonda əməkdaşlıq istiqamətləri üzrə fəaliyyət planının hazırlanması razılaşdırılıb.
V.Şkolnikov qaldırılan problemlər üzrə əməkdaşlıqda, xüsusilə regionlarda birgə maarifləndirici tədbirlərin keçirilməsində maraqlı olduqlarını söyləyib.