REGİONLAR
Ombudsmanın Gəncə Regional Mərkəzi “Məişət zorakılığına qarşı mübarizə” mövzusunda tədbir keçirib
Bakı, 29 yanvar, AZƏRTAC
Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili (Ombudsman) Gəncə Regional Mərkəzinin əməkdaşları Şəmkir şəhərindəki Gənclər Mərkəzində “Məişət zorakılığına qarşı mübarizə” mövzusunda tədbir keçiriblər.
Ombudsman Aparatının mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, tədbirdə Şəmkir Rayon İcra Hakimiyyətinin, gənclər və idman idarəsinin, təhsil, səhiyyə, mədəniyyət və turizm, polis şöbələrinin əməkdaşları, habelə yerli QHT nümayəndələri iştirak ediblər.
Mövzu ilə bağlı məruzə ilə çıxış edən Ombudsmanın Gəncə Regional Mərkəzinin rəhbəri Səbuhi Abbasov bildirib ki, görüş “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı”nda Ombudsman tərəfindən həyata keçirilməsi nəzərdə tutulan tədbirlərin icrasını təmin etmək məqsədini daşıyır.
Qeyd olunub ki, hüquqi dövlət quruculuğu istiqamətində inamla addımlayan respublikamızda insan hüquq və azadlıqlarının müdafiəsi sahəsində qanunvericilik islahatları uğurla davam etdirilməkdədir. Həmin islahatların məntiqi nəticəsi kimi bir sıra qanunlarla yanaşı, “Məişət zorakılığının qarşısının alınması haqqında” 2010-cu il 22 iyun tarixli Azərbaycan Respublikasının Qanunu da qəbul olunub.
Tədbirdə bu qanunun müddəaları, həmçinin Ombudsman Aparatında bununla bağlı görülmüş işlər, eyni zamanda, müvəkkilin səlahiyyətləri, regional mərkəzləri, bu qurumlara müraciət etmək qaydaları, təsisatda fəaliyyət göstərən 916 saylı “Qaynar xətt” barədə ətraflı məlumat verilib.
Sonda Ombudsmanın nümayəndələri tərəfindən iştirakçıları maraqlandıran suallar ətraflı cavablandırılıb.