CƏMİYYƏT
Ombudsmanın əməkdaşları Ermənistan silahlıları tərəfindən yaralanmış 13 yaşlı Raminə baş çəkiblər
Bakı, 18 avqust, AZƏRTAC
Avqustun 7-də Ombudsmanın Gəncə Regional Mərkəzinin əməkdaşları Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən Azərbaycanın işğal olunmuş ərazilərindən Tovuz rayonunun Ermənistanla həmsərhəd olan Qaralar kəndini iriçaplı silahlardan atəşə tutaraq mülki əhalinin qəsdən məhv edilməsi məqsədilə törədilmiş növbəti təxribat nəticəsində qəlpə xəsarətləri alaraq ağır yaralanmış Tovuz rayonunun Qaralar kənd sakini, 2004-cü il təvəllüdlü Yusifov Ramin Sabir oğluna yaşadığı evdə baş çəkib, onun səhhəti ilə maraqlanıblar.
Ombudsman Aparatının mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili Elmira Süleymanovanın salamları Yusifov Raminə və onun valideynlərinə çatdırılıb. Ramin və atası Sabir Yusifov göstərilən diqqət və qayğıya görə minnətdarlığını bildirib.
Sabir Yusifov müvəkkil tərəfindən hadisədən dərhal sonra beynəlxalq ictimaiyyətə ünvanlanmış bəyanatın Yusifovlar ailəsində böyük ruh yüksəkliyi yaratdığını vurğulayıb.
Ombudsmanın Gəncə regional mərkəzin rəhbəri Səbuhi Abbasov Azərbaycan Respublikasının beynəlxalq hüquqa uyğun, sülhsevər siyasətinə, münaqişənin sülh yolu ilə həll edilməsinə yönəlmiş davamlı fəaliyyətinə baxmayaraq, Ermənistanın mütəmadi olaraq cəbhə bölgəsində atəşkəsi qəsdən pozduğunu, nəticədə mülki əhali arasında itkilərin yaşandığını bildirib. O, buna bariz nümunə kimi 2017-ci il iyulun 4-də Ermənistan silahlı qüvvələri tərəfindən Füzuli rayonunun Alxanlı kəndində məskunlaşan çoxsaylı mülki əhalinin yaşadığı yaşayış məntəqələri və mülki obyektlərin qəsdən atəşə tutulması nəticəsində Sahibə Allahverdiyeva və onun 2 yaşlı nəvəsi Zəhra Quliyevanın həlak olduğunu, digər mülki şəxs Səlminaz Quliyevanın ağır yaralandığını və mülki obyektlərin dağıdıldığını, bunun ardınca isə Ramin Yusifovun ağır yaralanması ilə nəticələnən təxribatın törədilməsinin ermənilərin mülki əhaliyə qarşı cinayətlərinin davamı olduğunu diqqətə çatdırıb.
Görüşdə iştirak edən Tovuz rayonu Qaralar kənd sakinləri cəbhə bölgəsində yaşamağın çətinliklərinə, düşmənin mütəmadi olaraq mülki əhalini hədəfə almasına baxmayaraq əhalinin Azərbaycan Ordusuna tam güvəndiyini, ermənilərin törətdikləri təxribatların onların ata-baba yurdlarında yaşamaq iradələrini əsla sındıra bilməyəcəyini qeyd edib.