CƏMİYYƏT
Ombudsmanın fəaliyyəti yüksək qiymətləndirilib
Bakı, 12 oktyabr, AZƏRTAC
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Aparatının rəhbəri Aydın Səfixanlı Avropa İttifaqının nümayəndələri Elisabeth Edland, Asuncion Ruiz Sanchez, Per İbold və qurumun Azərbaycan nümayəndəliyinin siyasi müşaviri Nina Lindval ilə görüşüb.
Ombudsman Aparatının mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, A.Səfixanlı qonaqlara ölkəmizdə BMT-nin Beynəlxalq Əlaqələndirmə Komitəsinin “A” statusuna malik, Paris Prinsiplərinə uyğun, müstəqil fəaliyyət göstərən Ombudsman təsisatının yaradılması, mandatı, beynəlxalq təşkilatlarla, o cümlədən Avropa İttifaqı ilə qurulan sıx əməkdaşlıq əlaqələri haqqında məlumat verib.
O, Avropa İttifaqı tərəfindən həyata keçirilən Tvinninq layihəsində Ombudsman təsisatının fəal iştirakını, hazırda Almaniya və Polşadan olan tərəfdaşlarla birgə layihənin uğurla davam etdirildiyini diqqətə çatdırıb. Aparat rəhbəri Konstitusiya Qanunu ilə müəyyən edilmiş mandata uyğun olaraq insan hüquq və azadlıqlarının müdafiəsi sahəsində Ombudsmanın fəaliyyəti haqqında danışıb, eyni zamanda, təsisatın milli insan hüquqları institutu, habelə Milli Preventiv Mexanizm (MPM) vəzifələrini yerinə yetirdiyini bildirib.
A.Səfixanlı Ombudsmanın MPM qismində müəyyən edildikdən sonra Milli Preventiv Qrupunun (MPQ) yaradıldığını, saxlanılan şəxslərin iradəsi ilə tərk edə bilmədikləri yerlərə, o cümlədən penitensiar müəssisələrə, müvəqqəti saxlama təcridxanalarına, habelə sosial obyektlərə, ahıllar və əlilliyi olan insanlar üçün internat evləri və pansionatlara, psixiatriya xəstəxanalarına müntəzəm olaraq baş çəkildiyini diqqətə çatdırıb.
Avropa İttifaqının nümayəndələri Azərbaycan Ombudsmanının fəaliyyətini yüksək qiymətləndirib, onun beynəlxalq aləmdə nüfuz qazandığını və Avropa İttifaqı üçün əhəmiyyətli tərəfdaş olduğunu söyləyiblər. Qonaqlar Ombudsman təsisatı ilə əməkdaşlıq əlaqələrinin davam etdirilməsində maraqlı olduqlarını qeyd edib, məlumat mübadiləsi üçün minnətdarlıqlarını bildiriblər.