SİYASƏT
Ombudsmanın uşaq hüquqları üzrə ixtisaslaşmış müşaviri ENOC-un konfransında iştirak edib
Bakı, 23 sentyabr, AZƏRTAC
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin uşaq hüquqları üzrə ixtisaslaşmış müşaviri Nigar Ağayeva Avropa Uşaq Hüquqları Ombudsmanları Şəbəkəsinin (ENOC) 20-ci illik konfransında və Baş assambleyasında iştirak edib.
Ombudsman Aparatının mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, tədbir Litvanın Avropa Uşaq Hüquqları Ombudsmanları Şəbəkəsi və Litvanın Uşaq Hüquqları üzrə Müvəkkili tərəfindən təşkil olunub.
“Təhsildə bütün uşaqlar üçün bərabər imkanlar” mövzusuna həsr edilən tədbirdə Litva Prezidentinin müşaviri, ENOC-a üzv olan müxtəlif ölkələrin uşaq hüquqları üzrə ombudsman institutları, milli insan hüquqları təsisatları, BMT-nin, Avropa Birliyinin, Avropa Şurasının, ATƏT-in və digər beynəlxalq təşkilatların uşaq hüquqları, təhsil üzrə yüksək vəzifəli şəxsləri, ekspertlər iştirak ediblər.
N.Ağayeva tədbirdə “Azərbaycan Ombudsmanı tərəfindən uşaqların maariflənməsində onların iştirakının təmin edilməsi” mövzusunda təqdimat edib. O, müvəkkilin uşaq hüquqları sahəsində fəaliyyətində onların iştirakının təmin edilməsi, bu sahədə müsbət təcrübə kimi Təhsil Nazirliyi ilə əməkdaşlıq çərçivəsində həyata keçirilən “Uşaq hüquqları üzrə Pilləli Tədris Proqramı” haqqında məlumat verib.
Tədbirdə konfransın mövzusu və uşaq hüquqlarına dair digər mövzular üzrə qruplarda təqdimatlar keçirilib, fikir və təcrübə mübadiləsi aparılıb.
Sonda növbəti il üçün ENOC-un Büro üzvləri seçilib, 2016-2017-ci illər üçün qurumun fəaliyyət istiqamətləri müzakirə olunub.