MƏDƏNİYYƏT
“Ömrün bir gecəsi”nə işıqlı sabah arzulanlb
Bakı, 2 iyun, Aynur İsmayılova, AZƏRTAC
İyunun 2-də Beynəlxalq Mətbuat Mərkəzində “Kimsəsiz Uşaqların Sosial Müdafiəsi” İctimai Birliyinin rəhbəri Lamiyə İsazadənin “Ömrün bir gecəsi” şeirlər kitabının təqdimat mərasimi olub.
AZƏRTAC xəbər verir ki, tədbirdə şair-publisist Əkbər Qoşalı kitab haqqında məlumat verib, nəşrdə toplanan şeirlərin mövzu rəngarəngliyini diqqətə çatdırıb. O, müəllifin açıq düşüncəli, müstəqil baxışlı şair olduğunu bildirib. L.İsazadənin qələmə aldığı şeirlərdə şair idrakına, təxəyyülünə, ətraf mühitin seyri və şəxsi müşahidəsinə rəngarənglik, dinamiklik gətirdiyini qeyd edib.
Bildirilib ki, işıqlı, bədii, saf poetik dili olan kitabda yüz iyirmidən çox şeir toplanıb.
Tədbirdə əməkdar incəsənət xadimləri Baba Vəziroğlu, Şeyx Əbdül Mahmudov, yazıçı Seyran Səxavət və başqaları çıxış edərək L.İsazadənin yaradıcılıq məziyyətindən, mənəvi keyfiyyətlərindən söz açıblar.
Vurğulanıb ki, şair toxunduğu mövzuların mahiyyətinə bütövlüklə baş vura bilir, axtarır, hər kəsin görə bilmədiyi çalarları tapıb qələmə almağı bacarır. Müəllifə yaradıcılıq uğurları arzulayan natiqlər onun ilk kitabının ədəbiyyatımıza dəyərli töhfə olduğunu qeyd edib, “Ömrün bir gecəsi”nin işıqlı sabahlara açılacagına əminliklərini bildiriblər.
Sonda L.İsazadə çıxış edərək tədbirin iştirakçılarına minnətdarlığını bildirib.