İQTİSADİYYAT
On ayda "PAŞA Həyat"ın topladığı sığorta haqlarının həcmi 48 milyon manata çatıb
Bakı, 27 noyabr, AZƏRTAC
"PAŞA Həyat" sığorta şirkəti yanvar-oktyabr ayları üzrə yığılan sığorta haqları və həyata keçirdiyi sığorta ödənişlərinin həcmini açıqlayıb.
Şirkətin ictimaiyyətlə əlaqələr xidmətindən AZƏRTAC-a bildiriblər ki, hesabat dövründə "PAŞA Həyat"ın topladığı sığorta haqlarının həcmi 47,992 milyon manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 36,56 faiz çox olub. Bu ilin 10 ayında topladığı sığorta haqlarının həcminə görə "PAŞA Həyat" 49 faiz payla Azərbaycanın həyat sığortası bazarının lideri olub.
Bununla yanaşı, hesabat dövründə ümumi sığorta ödənişlərinin həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 3,33 dəfə artaraq 8,169 milyon manata çatıb. Baş vermiş sığorta hadisələri nəticəsində icbari sığorta növləri üzrə 0,975 milyon manat, könüllü həyat sığortası növləri üzrə isə 7,194 milyon manat həcmində ödənişlər olub. Ümumi sığorta ödənişlərində icbarı sığorta növləri üzrə verilən sığorta ödənişlərinin xüsusi çəkisi 11,9 faiz, könüllü sığorta növlərinə aid ödənişlərin həcmi isə 88,1 faiz təşkil edib.