İQTİSADİYYAT
On bankın qorunan əmanətçilərinə 698 milyon 890 min manatdan artıq kompensasiya ödənilib
Bakı, 17 noyabr, AZƏRTAC
Əmanətlərin Sığortalanması Fondu tərəfindən noyabrın 16-da "Parabank" ASC-nin qorunan əmanətçilərinə 42 milyon 810 min manat, "Zaminbank"ın əmanətçilərinə 52 milyon 256 min manat, "Kredobank"ın əmanətçilərinə 27 milyon 005 min manat və "Dekabank"ın əmanətçilərinə 3 milyon 021 min manatdan artıq kompensasiya ödənilib.
Əmanətlərin Sığortalanması Fondundan AZƏRTAC-a bildiriblər ki, 4 bank üzrə ödənilən kompensasiyanın ümumi məbləği 125 milyon 094 min manatdan artıqdır.
Eyni zamanda, "Atrabank" ASC-nin və "Qafqaz İnkişaf Bankı" ASC-nin qorunan əmanətçilərinə, ümumilikdə 16 milyon 073 min manatdan artıq kompensasiya ödənilib ki, bunun da 14 milyon 193 min manatı "Atrabank"ın, 1 milyon 880 min manatı "Qafqaz İnkişaf Bankı"nın payına düşür.
"Bank of Azerbaijan" ASC-nin qorunan əmanətçilərinə 24 milyon 147 min manat, "Gəncəbank"ın əmanətçilərinə 975 min manat, "Texnikabank"ın əmanətçilərinə isə 120 milyon 080 min manatdan artıq kompensasiya ödənilib. Üç bank üzrə ödənilən kompensasiyanın ümumi məbləği 145 milyon 204 min manatdan çoxdur.
Eyni zamanda, Əmanətlərin Sığortalanması Fondu "Bank Standard" Kommersiya Bankının qorunan əmanətçilərinə 412 milyon 517 min manatdan artıq kompensasiya ödəyib.
Ümumilikdə, Əmanətlərin Sığortalanması Fondu tərəfindən 10 bank üzrə 698 milyon 890 min manatdan artıq kompensasiya ödənişi həyata keçirilib.