İQTİSADİYYAT
On bankın qorunan əmanətçilərinə 713 milyon 861 min manatdan artıq kompensasiya ödənilib
Bakı, 8 dekabr, AZƏRTAC
Əmanətlərin Sığortalanması Fondu tərəfindən dekabrın 7-də "Parabank" ASC-nin qorunan əmanətçilərinə 42 milyon 902 min manat (ümumi kompensasiya öhdəliyinin 98 faizi), "Zaminbank"ın əmanətçilərinə 52 milyon 380 min manat (ümumi kompensasiya öhdəliyinin 72 faizi), "Kredobank"ın əmanətçilərinə 27 milyon 192 min manat (ümumi kompensasiya öhdəliyinin 97 faizi) və "Dekabank"ın əmanətçilərinə 3 milyon 021 min manatdan artıq (ümumi kompensasiya öhdəliyinin 96 faizdən çoxu) kompensasiya ödənilib.
Əmanətlərin Sığortalanması Fondundan AZƏRTAC-a bildiriblər ki, 4 bank üzrə ödənilən kompensasiyanın ümumi məbləği 125 milyon 495 min manatdan artıqdır.
Eyni zamanda, "Atrabank" ASC-nin və "Qafqaz İnkişaf Bankı" ASC-nin qorunan əmanətçilərinə, ümumilikdə 16 milyon 201 min manatdan artıq kompensasiya ödənilib ki, bunun da 14 milyon 258 min manatı (ümumi kompensasiya öhdəliyinin 97 faizdən çoxu) "Atrabank"ın, 1 milyon 943 min manatı (ümumi kompensasiya öhdəliyinin 92 faizi) "Qafqaz İnkişaf Bankı"nın payına düşür.
"Bank of Azerbaijan" ASC-nin qorunan əmanətçilərinə 24 milyon 148 min manat (ümumi kompensasiya öhdəliyinin 97 faizi), "Gəncəbank"ın əmanətçilərinə 975 min manat (ümumi kompensasiya öhdəliyinin 94 faizi), "Texnikabank"ın əmanətçilərinə isə 120 milyon 116 min manatdan artıq (ümumi kompensasiya öhdəliyinin 98 faizi) kompensasiya ödənilib. Üç bank üzrə ödənilən kompensasiyanın ümumi məbləği 145 milyon 239 min manatdan çoxdur.
Eyni zamanda, Əmanətlərin Sığortalanması Fondu "Bank Standard" Kommersiya Bankının qorunan əmanətçilərinə 426 milyon 926 min manatdan artıq (ümumi kompensasiya öhdəliyinin 97 faizi) kompensasiya ödəyib.
Ümumilikdə, Əmanətlərin Sığortalanması Fondu tərəfindən 10 bank üzrə 713 milyon 861 min manatdan artıq kompensasiya ödənişi həyata keçirilib.