REGİONLAR
On beş yaşlı tələbə
Tovuz, 2 sentyabr, AZƏRTAC
Ali məktəblərə daxil olmuş məzunlarımız bir neçə gündür tələbə adını daşımağın sevincini yaşayırlar. Bu sevinci onlarla həm valideynləri, həm də müəllimləri bölüşürlər.
AZƏRTAC xəbər verir ki, Tovuz rayonunun Alakol kəndində yaşayan İbrahimovlar ailəsi də ən sevincli günlərini yaşayır. Belə ki, 15 yaşlı Elnur İbrahimov tələbə adını qazanaraq İqtisad Universitetinin İqtisadiyyat fakültəsinə, onun uşaqlıq dostu, bibisi oğlu, 11 il bir partada yanaşı oturduğu Rəşad Yaqublu isə Tibb Universitetinə daxil olub. İndi doğulub, boya-başa çatdıqları eldə-obada hamı bu gənclərdən danışır. Biz də həm onların sevincinə şərik olmaq, həm də bu fenomen gənclərlə yaxından tanış olmaq üçün İbrahimovlar ailəsində olduq.
Elnurun bibisi, həm də ibtidai sinif müəllimi olmuş Qətibə İbrahimova söhbət əsnasında söylədi ki, oğlu Rəşad 1-ci sinfə gedəndə Elnur inadkarlıq edərək onunla birlikdə məktəbə yollanıb. Onu nə qədər dilə tutsalar da bu, 5 yaşlı uşağı inadından döndərmək mümkün olmayıb. Beləcə, Elnur Rəşadla birlikdə məktəbə gedib-gəlib. Yaşının az olmasına baxmayaraq digər uşaqlardan bacarıq və istedad ilə fərqlənib. Məktəb direktorunun səyi nəticəsində Elnurun məktəbli kimi rəsmiləşdirilməsi mümkün olub.
Bildirilib ki, bu iki gənc birinci sinfi Alakol kəndində oxusalar da, orta məktəbi qonşu Əhmədabad kəndində başa vurublar.
Əhmədabad kənd tam orta məktəbin direktoru Novruz Kamalov söhbət əsnasında deyib: “Onların hər ikisi bizə başucalığı gətirdi. Elnur İbrahimov bəlkə də ölkənin ən gənc tələbəsidir. Sevinirəm ki, onların yetişməsində mənim və rəhbərlik etdiyim kollektivin əməyi var”.
E.İbrahimov da öz növbəsində bütün müəllimlərinə öz minnətdarlığını bildirərək, deyib ki, bu təkcə onun və Rəşadın deyil, bütün müəllimlərinin uğurudur.