İQTİSADİYYAT


On bir ayda Heydər Əliyev Beynəlxalq Aeroportunda 3 milyon sərnişinə xidmət göstərilib

Bakı, 7 dekabr, AZƏRTAC

2016-cı ilin 11 ayı ərzində Heydər Əliyev Beynəlxalq Aeroportu 3 milyon sərnişinə xidmət göstərib.

Heydər Əliyev Beynəlxalq Hava Limanının mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, bu ilin noyabr ayında Heydər Əliyev Beynəlxalq Aeroportu 231 mindən çox sərnişinə xidmət göstərib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 23 faiz çoxdur.

Ümumilikdə, 2016-cı ilin 11 ayı ərzində Bakı aeroportu təxminən 3 milyon sərnişinə xidmət göstərib. 1,8 milyon sərnişin AZAL aviaşirkətinə üstünlük verib ki, onlardan 500 min nəfəri “Azərbaycan Hava Yolları”nın Naxçıvan və Gəncəyə daxili uçuşları ilə daşınıb. Bu, hava limanının ümumi sərnişin dövriyyəsinin 16 faizini və ya AZAL-ın sərnişin daşımalarının 27 faizini təşkil edir.

Bu müddət ərzində yük terminalları vasitəsilə 14,5 min ton yük daşınıb.

Beynəlxalq istiqamətlər üzrə ən çox tələbat əvvəlki kimi Bakıdan İstanbula, Moskvaya, Dubaya və Kiyevə olub. 11 ayın yekunlarına əsasən bu istiqamətlər üzrə 1,38 milyon sərnişin daşınıb.

2016-cı ildə “Iraqi Airways”, “Fly Baghdad”, “ATA Airlines”, “Air Cairo”, “Mahan Air”, “Komaviatrans” aviaşirkətləri və Rusiyanın “Pobeda” loukosteri Azərbaycana uçuşlara başlayıb.

Qeyd edək ki, Heydər Əliyev Beynəlxalq Aeroportunun yeni aerovağzal kompleksi (Terminal 1) 2014-cü ilin aprel ayında istifadəyə verilib. Onun ümumi sahəsi 65 min kvadratmetr təşkil edir.

Dünyada müxtəlif aviaşirkətlər və hava limanları tərəfindən göstərilən xidmətlərin keyfiyyətinin öyrənilməsi üzrə ixtisaslaşan Böyük Britaniyanın nüfuzlu konsaltinq şirkəti “Skytrax” tərəfindən Heydər Əliyev Beynəlxalq Aeroportu 4 ulduza layiq görülüb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.