İQTİSADİYYAT
On bir taksi dayanacağında yeni və beynəlxalq standartlara uyğun formada işlər aparılır
Bakı, 11 may, Elvin Camalov, AZƏRTAC
On bir taksi dayanacağında yeni və beynəlxalq standartlara uyğun formada işlər aparılır.
AZƏRTAC xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyinin ictimaiyyətlə əlaqələr və maarifləndirmə şöbəsinin müdiri Mais Ağayev deyib.
O bildirib ki, Bakı Nəqliyyat Agentliyi paytaxtın nəqliyyat sisteminin, o cümlədən taksi xidmətinin modernləşdirilməsi, bu sahədə göstərilən xidmətlərin şəhərin müasir simasına uyğunlaşdırılması işləri çərçivəsində daha bir yeniliyə imza atıb. Belə ki, Bakı Nəqliyyat Agentliyinin pasportlaşdırdığı 79 taksi dayanacağının müəyyən edilmiş standartlara uyğunlaşdırılmasına başlanılıb. Hazırda davam etməkdə olan bu proses çərçivəsində artıq paytaxtın müxtəlif küçə və prospektində yerləşən 11 taksi dayanacağında yeni və beynəlxalq standartlara uyğun formada dizayn edilərək xətlənmə və nişanlanma işləri aparılır.
M.Ağayevin sözlərinə görə, taksidən istifadə edən sərnişinlərin təhlükəsizliyi məqsədilə, dayanacağın ətrafında dəmir məhəccərlər qoyulub. Dayanacaqdan fiziki imkanları məhdud şəxslərin, eləcə də uşaq arabası ilə olan sərnişinlərin də rahat istifadə edə bilməsi üçün panduslar quraşdırılıb.