İDMAN


On dörd yaşlı Fatimə Alkərəmova Azərbaycanın Olimpiya komandasının heyətində ən gənc idmançıdır

A+ A

Bakı, 21 iyul, AZƏRTAC 

Rio-de-Janeyroda təşkil olunacaq XXXI Yay Olimpiya Oyunlarında Azərbaycan millisinin heyətində ən gənc idmançı 14 yaşlı üzgüçü Fatimə Alkərəmovadır.

AZƏRTAC xəbər verir ki, idmançımız üzgüçülüklə 2012-ci ilin iyulundan məşğul olmağa başlayıb. O, həmin ilin noyabrında “Şən delfin” açıq Bakı birinciliyində 50 metr məsafəyə batterflay üsulla yarışda bürünc medala sahib olub. Bu, Fatimənin ilk uğuru idi.

Üzgüçümüz 49 dəfə Azərbaycan və 25 dəfə Bakı çempionudur. İdmançımız üç il ərzində Mingəçevir, Şirvan və Xaçmazda ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş beynəlxalq turnirdə 9 dəfə fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Sonuncu respublika çempionatinda isə F.Alkərəmova 13 qızıl medal qazanaraq birinciliyi heç kimə verməyib.

İdmançımız 2013-cü ildə Belarusda iki turnirdə 3 qızıl, növbəti ildə Belarusda və Gürcüstanda təşkil olunan yarışlarda 7 qızıl, 6 gümüş və 3 bürünc medala sahib olub. 2015-ci ildə Birləşmiş Ərəb Əmirliklərində, Gürcüstanda və Rusiyada baş tutan birinciliklərdə isə nəticələrini yaxşılaşdırıb. Cari ilin martında üzgüçümüz Berlində təşkil olunan “Swim Meeting” beynəlxalq turnirində “Rio-2016” Olimpiya Oyunlarına lisenziyanı təmin edib. O, həmçinin Belarus, Latviya və Macarıstanda təşkil olunan yarışlarda da uğurla çıxış edib.

On üç yaşında idman ustası adına layiq görülən üzgüçümüz “Rio-2016”ya şəxsi məşqçisi, Azərbaycan çempionu Zamir Əzizovun rəhbərliyi altında hazırlaşır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.