REGİONLAR
On iki ölkənin gənc sahibkarları Gəncədə investisiya mövzusunu müzakirə ediblər
Bakı, 2 iyul, AZƏRTAC
Demokratik İslahatçı Gənclər İctimai Birliyi və Azərbaycan Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə Gəncədə “Gəncə-2016 Avropa Gənclər Paytaxtı” çərçivəsində gənc sahibkarların beynəlxalq forumu keçirilib.
İctimai Birlikdən AZƏRTAC-a bildiriblər ki, tədbiri açan birliyin idarə heyətinin sədri Vüsalə Hüseynli forumun məqsədinin Gəncənin investisiya mühiti barədə iş adamlarına geniş məlumat verərək, Azərbaycan iqtisadiyyatı və onun beynəlxalq biznes mühitinin nümayəndələrinə açıq olmasını əyani şəkildə göstərməkdən ibarət olduğunu deyib. V.Hüseynli qeyd edib ki, forumun digər bir məqsədi də Azərbaycanı turizm bölgəsi kimi təqdim etməkdir.
Gəncə şəhər Gənclər və İdman İdarəsinin rəhbəri Müşviq Cəfərov bu il Gəncənin Avropa Gənclər Paytaxtı elan olunması ilə bağlı ətraflı məlumat verib, keçirilən tədbirlər barədə danışıb.
Sonra Serbiya, Litva, Çexiya, Almaniya, Gürcüstan, Qırğızıstan və digər ölkələrdən olan iş qadınları öz təcrübələrini bölüşüb, uğur hekayələrini təqdim ediblər. Tədbirdə Gəncədən olan iş adamları da öz fəaliyyətləri barədə danışıblar.
Xatırladaq ki, forumda Avropa və MDB ölkələri də daxil olmaqla, 12 ölkənin nümayəndəsi iştirak edib.