DÜNYA
On minlərlə yapon monarxı doğum günü münasibətilə təbrik etmək üçün İmperator sarayına toplaşıb
Tokio, 23 dekabr, AZƏRTAC
İmperator saray dəftərxanasının yaydığı məlumata görə, 33 mindən artıq insan İmperator Akihitonu doğum günü münasibətilə təbrik etmək üçün Tokiodakı İmperator sarayına toplaşıb.
Bu, monarxın hakimiyyətdə olduğu 28 ilin ən yüksək göstəricisidir. Ola bilər ki, bu, İmperatorun taxt-tacı sağlığında öz vəliəhdinə təhvil vermək barədə niyyətini açıqlaması ilə əlaqədardır. Əgər məsələ qarşıdakı ildə öz həllini taparsa, taxtı İmperatorun böyük oğlu vəliəhd-şahzədə Naruhito tutacaq. Bundan sonra yeni İmperatorun doğum günü dövlət bayramı kimi qeyd ediləcək və təbəələr təbrik etmək üçün onun ad günündə saraya toplaşacaqlar.
Beləliklə, bu gün İmperator Akihitonu təbrik etmək və onun müraciətini dinləmək üçün son gündür.
İmperator və onun ailə üzvləri gün ərzində üç dəfə sarayın eyvanına çıxaraq, bura toplaşanları salamlayıblar. İmperator mərasim iştirakçılarına qısa nitqlə müraciət edib.
İmperator deyib: “İlin sonuna çox az vaxt qalıb. Arzu edirəm ki, Yeni il sizin üçün işıqlı və sakit olsun, sizin sağlığınız və xoşbəxtliyiniz üçün dua edirəm”.
Xəbər verdiyimiz kimi, İmperator Akihito cari ilin avqustunda yaşının çox olması və yorğunluqla əlaqədar vəzifəsindən uzaqlaşmaq barədə niyyətini açıqlayıb. Hazırda bu müraciətin həyata keçirilməsinin yolları mütəxəssislər tərəfindən araşdırılır və gələn ilin yanvarında parlamentdə müzakirəyə çıxarılacağı gözlənilir.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio