İDMAN
On üç boksçumuz Anapada keçiriləcək Avropa birinciliyində medallar uğrunda mübarizə aparacaq
Noyabrın 1-də Rusiyanın Anapa şəhərində yeniyetmələr arasında boks üzrə Avropa birinciliyi start götürəcək.
AZƏRTAC xəbər verir ki, yarışda 33 ölkədən 254 idmançı iştirak edəcək.
On üç çəki dərəcəsi üzrə keçiriləcək qitə birinciliyində milli komandamız tam tərkibdə mübarizə aparacaq. Baş məşqçi Rasim Məmmədovun rəhbərliyi altında Anapada 13 boksçumuz rinqə çıxacaq.
Yığma komandamızın tərkibinə Ruslan Rüstəmov (46 kq), Malik Həsənov (48 kq), Sərxan Əliyev (50 kq), Ramazan Abdullayev (52 kq), Süleyman Məhərrəmov (54 kq), Bəxtiyar Qazıbəyov (57 kq), Seymur İsayev (60 kq), Pərviz Quliyev (63 kq), Elxan Əliyev (66 kq), Rasim Çobanlı (70 kq), Nurlan Qurbanlı (75 kq), Şamil Səfərəliyev (80 kq) və Məhəmməd Abdullayev (80 kq-dan yuxarı) daxil edilib.
Avropa birinciliyində ölkəmizi hakim kimi Anar Nağdıyev təmsil edəcək.
“Vityaz” İdman Sarayında keçiriləcək yarışa noyabrın 8-də yekun vurulacaq.